
Elvin “Qarabağ” kimi klub, Qurbanov kimi baş məşqçi tapa bilər?
Fəxri Rüstəmli
Son günlərdə Azərbaycan millisinin və “Qarabağ”ın aparıcı oyunçusu Elvin Cəfərquliyevin ətrafında gedən söz-söhbətlər səngimək bilmir. Tez-tez intizamsızlığı ilə gündəmə gələn futbolçu nəhayət, baş məşqçi Qurban Qurbanovun səbr kasasını daşırdı. 25 yaşlı müdafiəçinin intizamla bağlı davranışları klub daxilində ciddi reaksiyalara yol açdı.
O, mövsümün ən önəmli mərhələsində və ölkə kubokunun yarımfinalının “Sabah”la oyununa az qalmış əvəzedici heyətə göndərildi. Bu xəbər gündəmə bomba kimi düşdü, mətbuatda onun ətrafında gedən dedi-qodular durmadan tirajlanmağa başlandı.
Son illərdə Azərbaycanda yetişən ən perspektivli oyunçunun taleyi necə olacaq, hələ bilinmir. Hər dəfə intizamsızlıq fonunda Qurbanov ona güzəştə gedirdisə, bu dəfə müəmmalı görünür. Görünən odur ki, Qurban Qurbanov onu bağışlamayacaq. Burada səbəblərdən biri də Elvinin “əyləncə”sinə komanda yoldaşı Abbas Hüseynovu da qatması ola bilər. Bu arada, Qurbanov Abbasın da “gözünün yaşı”na baxmayıb, onu da Elvinlə bərabər əvəzedici heyətə göndərib. Onun da komandadakı gələcəyi sual altındadır. Kəsəsi, Elvin özü ilə bərabər Abbasın da “yanmasına” səbəb olub.
Vaxtı ilə maddi çətinliklər fonunda ofisiant işləyərək ailəsini dolandırmağa çalışan Elvin Cəfərquliyevi Rəşad Sadıqov (“Zirə”nin baş məşqçisi) futbola qaytarmış və onun inkişafında önəmli rol oynamışdı. Daha sonra isə Qurban Qurabanov Elvinin üzərində işləməklə elə bir səviyyəyə çatdırdı ki, o, qitənin ən nüfuzlu klub turniri olan UEFA Çempionlar Liqasında oyunlardan birinin ən yaxşısı olmağı da bacardı. Təbii ki, burada Elvinin öz əməyi, əzmkarlığı da danılmazdır.
“Ərköyün uşaq” modundan heç cür çıxa bilməyən Elvinin adı indi “Neftçi” ilə yanaşı çəkilir. Ağdamlıların artıq onu “gözdən çıxardığı” deyilir. Bəs görəsən, Elvin bundan sonra onu bu səviyyəyə çatdıran “Qarabağ” kimi klub və Qurban Qurbanov kimi baş məşqçi tapa biləcəkmi? Bunu zaman göstərəcək. Amma indiki vəziyyət heç də ürəkaçan deyil.
Elvin “Qarabağ” kimi sistemli və Avropa səviyyəsində inkişaf mühiti olan bir klubdan ayrılacaqsa, ən doğru addım xaricə üz tutmaq ola bilər. Ən azı Türkiyə Super Liqasında orta səviyyəli bir klubda çıxış etmək onun üçün daha məntiqli seçim olar. Onun bundan sonra Azərbaycanda hansısa klubda nəinki hazırkı səviyyəsini qoruyacağı inandırıcıdır, hətta geriləyəcəyini də təxmin etmək olar. Burada qalması və karyerasını başqa yerli klubda davam etdirməsi onun üçün heç də yaxşı gələcək vəd etmir.
Bizi Facebook-da izləyin



