Kitab oxumağa vaxtı olmayan, legionerlərə görə xarici dil öyrənən Samir Abasovun MÜSAHİBƏSİ
“Zirə”nin baş məşqçisi Samir Abasovun Komanda.az saytına müsahibəsi:
- Geridə qalan 6 tur haqda fikirləriniz nədir?
- Salamatı 7-ci turu oynamaqdır. Ondan sonra yığılan xallara baxıb, nəsə demək olar. Ancaq bu xallar da o demək deyil ki, istədiyimiz yeri tutduq, istəmədiyimiz yerdə olduq, ən əsası 1-ci dövrəni bitirməkdir. Yığdığımız xallar baxımından yerimiz təhlükəlidir. “Qəbələ” ilə 7-ci turun oyununda 3 xal qazansaq, yuxarı pilləyə qalxa bilərik. Ancaq xal itkisi bizi yerimizdə saxlaya və ya aşağı pillələrə sala bilər. Lakin bununla yer-göy dağılmır. Bundan sonra zaman çoxdur. Mən “Sumqayıt”da olanda da belə şeylər olurdu. İlk dövrəni 4-cü yerdə bitirirdik, sonra fərqli yerdə olurduq. Yəni bilmək olmur. Hələ hər şey qabaqdadır və fikirləşirəm ki, qış fasiləsindən sonra bütün komandalarda vəziyyət dəyişəcək.
- 6 tur ərzində iki qələbə qazanmısız. Ancaq buna baxmayaraq, yaxşı oynadığınız oyunlar da olub.
- Açığı deyim, biz sabit deyilik. Buna görə də, nəticələr fərqli olur. Görürsüz ki, bir oyunu yaxşı oynayırıq, birininin bir hissəsini, birinin ikinci hissəsini. “Sabah”la ilk hissədə pis, ikinci hissədə daha yaxşı oynamışdıq. Son turda “Keşlə” ilə oyunda ümumiyyətlə pis oynadıq. “Sumqayıt”la oyuna yaxşı başladıq, üstünlük bizdə idi, ancaq anidən qol buraxdıq və müəyyən problemlər yarandı. Belə şeylər bizdə olur. Qışdan sonra digər komandalarda da vəziyyət fərqli olacaq. Ancaq turnir cədvəlinə baxsaz, görərsiz ki, komandalar arasında xal fərqi çox deyil. Qış transfer pəncərəsindən sonra vəziyyət dəyişəcək. Komandalar olacaq ki, yeni transferlərlə güclənib, daha irəliyə çıxacaqlar. Yəni hələ heç nə müəyyən deyil.
- Qeyri-sabitliyinizin əsasında nə dayanır?
- Özümüz də çalışırıq bunu tapaq. Bilmirəm, zədələrdədir, nədədir. Zədələr bizi çox yorur. “Sumqayıt”la oyunda limitimiz Nicat Süleymanov idi, düşünürdük ki, növbəti oyunda da ona şans verək, ancaq o da zədələndi. “Sabah”la oyunda Mfo Kqasvaneni meydana saldıq və gördük ki, hücum gücümüz necə artdı. Sonra milli komandaya yollandı və ilk oyununun 10-cu dəqiqəsində zədələndi. Həddindən artıq zədəlimiz var. Hər oyuna heyəti dəyişərək çıxarırıq və bu, bizdə problem olur. Ancaq bunlar bəhanə deyil. Çalışıb əsas problemi tapmalıyıq.
- “Zirə”nin əvəzedici komandasında zədəliləri əvəz edə biləcək oyunçular yoxdurmu?
- Reallıqla desək, yoxdur. Ümidverici gənclər var, özümüzlə Antalya toplanışına aparmışdıq. Ancaq bu dəqiqə onları meydana buraxmaq şansımız yoxdur. Buna baxmayaraq, əvəzedici komandada yaxşı oyunçular var.
- Hücum xəttinizdə Robin Nqalande də çox vaxt ehtiyatda qalır. Onu niyə bəyənmirsiz?
- Bəhanə axtarmaq istəmirəm, ancaq baxın, Robini “Keşlə” ilə oyunda əsas heyətdə oynatdım. Oyunun sonlarında rəqiblə toqquşdu və ayağında ağrılar oldu. O da dəyişilməsini istədi. Həkimlərin müayinəsindən sonra son vəziyyəti bilinəcək. Gələn oyun yəqin onun yerində başqası olacaq.
- Ötən mövsüm “Zirə”yə gələndə istədiyiniz heyəti quracağınızı, komanda formalaşdıracağınızı deyirdiz. Ancaq indi heyətinizin azlığından, zədəlilərdən şikayət edirsiz…
- Yoldan keçən, qıraqdan gələn heç kim heyəti qurmur. Bu heyəti mən qurmuşam, Robin Nqalandeni də, Mfo Kqosvaneni də mən gətirmişəm. Sadəcə, bizdə bu gün imkanlarımıza uyğun oyunçu sayımız var. Bizim o imkanımız yoxdur ki, heyətimizdə 28-30 oyunçu olsun. Azərbaycanda tək-tük sponsorlar qalıb ki, özü təkcə klubu maliyyələşdirir. Bunlardan biri də bizim sponsorlarımızdır. Açıq deyirəm, vallah, biz bu adamlara təşəkkür hissiylə yanaşmalıyıq. Əlimizdə olan imkanlara görə ən yaxşıları götürmüşük. Bu adamlar da əlindən gələni edirlər.
- Komandanın sonda hədəflənən yerdə olmamasının sponsorların “Zirə”dən imtina etməsinə gətirib çıxaracağını düşünmürsüz?
- Yox, düşünmürəm. Uğursuzluq birbaşa baş məşqçiyə aiddir. Bu, komandanın baş məşqçisi ilə rəhbərlik arasında olan məsələdir. Rəhbərlik komandanın uğuru naminə gələcəyə doğru addımlar ata bilər. Bunun sponsor məsələsinə aiddiyatı yoxdur.
- Bu mövsüm üçün əsas hədəfinizin avrokuboklara yollanmaq olduğunu deyirsiz. Bu heyət və ya qışda gələcək yeni oyunçular məqsədə çatmaq üçün yetərli olacaqmı?
- Heyətin kifayət etməsi və ya etməməsi deyil məsələ. Sadəcə, mən bu qədər zədələnmələr gözləmirdim. Bizim 26-30 oyunçu götürmək imkanımız yoxdur. Bunu bura gələndə bilirdim və bunları nəzərə alıb, müqaviləyə qol çəkmişəm. Əsas problemləri özümüzdə axtarmalıyıq. Heç bir oyunçu zədədən sığortalanmır. Məsələn, Kqasvane Botsvana millisinə gedəndə kim deyərdi ki, zədələnəcək? Belə götürəndə, nəticələrdə uğursuzluq olanda kimisə günahlandırmaq, “sənə görə belə oldu, buna görə belə oldu” demək düzgün deyil. Problemləri axtaranda görürük ki, ən əsas məsələ zədəlilərin çoxluğudur.
- Oyunlarda çox aqressiv olursuz. Çox zaman futbolçuları sərt şəkildə tənqid edirsiz. Bu, futbolçularda inciklik yaratmır?
- Bunlar sadəcə oyunda olur. Heç məşqdə də belə olmur. Mən sadəcə, bir az emosionalam, oyunda epizodlara reaksiyam fərqlidir. Bu, mənim xarakterimdir. Oyunçularım da məni yaxşı tanıyır. Burda inciklikdən söhbət gedə bilməz. Mənim kimi məşqçilər çoxdur. “Qəbələ”dən Elvin Camalov və Cavid Hüseynovu götürmüşük. Onlar Roman Qriqorçukla birgə işəyib. Qriqorçuk da mənim kimi emosional idi, danışardı, qışqırardı. Futbolçular da peşəkardır. Yəni belə inciklik-falan olmur.
- Maraqlıdır, məşqçiliklə bağlı hansı kitabları oxumusuz və ya oxuyursuz?
- Avtobioqrafiyalar oxumuşam. Hazırda dil kursuna gedirəm. “Zirə”də olan legionerlərə görə, onlarla daha yaxşı danışmaq üçün dil öyrənirəm. Buna görə də, indi kitab oxumağa vaxtım yoxdur. Ancaq son olaraq Aleks Ferqyusonun bioqrafiyasını oxumuşam.
- Elə bir baş məşqçi varmı ki, onun oyun sistemini “Zirə”yə tətbiq etməyi düşünəsiz?
- Xeyr. Durub kiminsə nəyinisə tətbiq etmək üçün ən azı onda olan oyunçulardan səndə də olmalıdır. Amma bizim imkanlar budur. Əlimdə olan oyunçularla nəsə etməyə çalışıram.
- “Sumqayıt”da məşqçilik karyeranız yaxşı alındı, daha sonra “Zirə”yə gəldiz. Burda ola biləcək mümkün uğursuzluğun məşqçi kimi imicinizə zərər vura biləcəyini düşünürsüz?
- Bugünkü gündə heç bir şeydən sığortalanmamışıq. Elə məşqçilər var ki, çoxlu uğurlar qazanıblar, ancaq hazırda işsizdirlər. Səni tanıyan, çalışdığın komandalarda işini izləyən, onu görən adamlar üçün sənin əvvəlki işlərin bir göstəricidir. Söhbət özümdən getmir, ümumi məşqçilik haqda deyirəm bunu. Mən “Zirə”ni irəli addım hesab etdiyim üçün bura gəlmişəm. Burda olan hər bir şərait məni çox qane edir. İstəyirdim legionerlərlə işləyim, öyrənim. Bunlara görə mən “Zirə”yə gəldim. Uğurlu olub-olmayacağımı zaman göstərəcək. Vaxt lazımdır. “Zirə”də uğurlu olacağımı da deyə bilmərik, eyni zamanda uğursuz olacağımı da. Ancaq uğursuz olsaq belə, beş il sonra “filankəs də məşqçi idi də, nə oldu ona” deyilməyəcək qədər bacarığımız da var.
- “Qəbələ” ilə oyundan gözləntiləriniz nədir?
- “Qəbələ”nin son sırada olması bizim üçün göstərici deyil. Faktdır ki, “Sabah”la oyuna gələndə də sonuncu idilər, qələbə qazandılar, “Səbail”lə oyunda da son sıralarda idilər. “Səbail” kimi komandadan bir xal qazana bildilər. “Qəbələ” ilə oyunu udmaq üçün istək olmalıdır. “Qəbələ” kimi komandalardan sözün yaxşı mənasında hər şeyi gözləmək lazımdır. Gözləmək olar yox, gözləmək lazımdır. Çünki “Qəbələ” bizi “sancdığı” zaman çətin olacaq. Sırf bizim üçün çox çətin olacaq. Amma inanıram ki, yaxşı oynayıb, qələbə qazanacağıq.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin