
Azərbaycan mediasının “görmədiyi” Astana biabırçılığı: Qazaxlar bizi ələ salır
Bu ilin 13-15 may tarixlərində Qazaxıstanın paytaxtı Astanada keçirilən görmə məhdudiyyətli cüdoçuların (paracüdo) dünya çempionatında Azərbaycanın iki idmançısı tibbi təsnifatdan keçə bilməyib.
2021-ci ildə Tokioda keçirilmiş Paralimpiya Oyunlarının qalibi olan Şəhanə Hacıyeva qismən görmə məhdudiyyətli (J2 kateqoriyası, 52 kq) cüdoçuların tibbi təsnifatında uğursuzluqla üzləşib. Onun gözündə görmə ilə bağlı hansısa məhdudiyyət olmadığı üzə çıxıb. Sumqayıt cüdo məktəbinin 24 yaşlı idmançısının ömürlük paracüdo yarışlarına buraxılmayacağına dair qərar verilib.
Həmçinin, tamamilə görməyən idmançı (J1) kimi tibbi təsnifatdan keçən Elnarə Nizamlının da görmə qabiliyyətinin olduğu məlum olub. Bu səbəbdən də, Nizamlı 60 kq çəki dərəcəsində J1 yox, J2 (qismən görmə qabiliyyəti olanlar) kateqoriyasında yarışmalı olub.
Komanda.az xəbər verir ki, Azərbaycan mediasında Qazaxıstanda baş vermiş bu biabırçılığın üzərindən sükutla keçilsə də, qazax həmkarlarımız məsələni gündəm ediblər. Onlar idmançımızı “fırıldaqçı” adlandırıblar və görmə əngəli olmayan şəxslərin dünya çempionatına göndərilməsinin arxasında azərbaycanlı məmurların dayandığını yazıblar:
“Görmə əngəlli idmançılar arasında keçirilən çempionatda qazaxlar tam görmə qabiliyyəti ilə tatami üzərinə çıxan və korlara qarşı mübarizə aparan azərbaycanlı qadını yarışa buraxmayıb. Həm də onu həmişəlik diskvalifikasiya ediblər.
Məlum olub ki, Azərbaycandan olan məmurlar hər şeyi bilib, onun (Şəhanə Hacıyeva) görmə qabiliyyətinin olmaması ilə bağlı saxta arayışlar düzəldiblər, həm də beynəlxalq səviyyədə müqavilələr bağlayıblar. Ancaq Astanada bu, işə yaramayıb. Həkimlər böyük “qırmızı möhür” vurublar və fırıldaqçını yarışdan qovublar. Maraqlısı odur ki, o, görmə qabiliyyətinə malik olsa da, korlara uduzmağı bacarıb”.
Azərbaycanlı idmançıların Astanadakı yarışda ifşa olunması ilə bağlı xəbərlərin altında qazaxlar çoxlu şərhlər yazıblar. Onlar fırıldaqçılıqla yarışda uğur qazanmağa çalışan idmançıları və onları Qazaxıstana göndərənləri ələ salıblar.
Bizi Facebook-da izləyin



