
Baş katibə başdan bir neçə xatırlatma
Rəşad Ergün
Bu gün AFFA-nın Hesabat Konfransı keçirildi. Konfransda xeyli çıxışlar oldu, suallar səsləndirildi və sair və ilaxır. Amma mənim diqqətimi daha çox çəkən AFFA-nın baş katibi Cahangir Fərəcullayevin dedikləri oldu. Yeni baş katibin dediklərindən belə anlaşılır ki, ölkə futbolunun problemlərinin, xüsusən də, uşaq futbolundakı problemlərin fərqindədir. Gəlin, əvvəlcə Fərəcullayevin dediklərinə təkrar göz ataq:
“Millimizin nəticələri hamımızı üzür. Bu durumdan düzgün nəticə çıxarıb, uğursuzluqdan çıxmaq yolunu tapmalıyıq…
Düzgün plan işin yarısıdır. Strategiyanın həyata keçirilməsi gündəlik rutin işimizə çevrilib. Ciddi dəyişikliklər olacaq. AFFA strukturunda yeni qrup fəaliyyət göstərəcək. Onlar strategiyanın reallaşması yolunda işləyəcək. Layihə qrupu birbaşa baş katibə tabe olacaq. Hazırkı vəziyyətdə hər şeyi sıfırdan qurmalıyıq…
Uşaq futbolu yoxdur deyirlər. Bu, həqiqətən yaralı yerimizdir. Amma uşaq futbolu müasir infrastruktursuz olmur. İdman nəticələri uşaq futbolu olmadan olmur. Bir neçə istiqamətdə işləyərək effektiv sistem qurmalıyıq. Kosmetik təmirlə vəziyyəti düzəldə bilmərik. Sıfırdan ev tikməliyik”.
Bəli, hörmətli baş katib, uşaq futbolu yox kimidir. Beton üzərində, keyfiyyətsiz süni örtüklü meydançalarda gələcəyin futbolçuları yox, olsa-olsa gələcəyin şikəst futbolçuları yetişər, sözün həqiqi və məcazi mənasında. Hələ bunun müasir futbolun tələblərini anlamayan, ümumiyyətlə, çağdaş futboldan Yer planetinin Marsa uzaq olduğu qədər uzaq olan uşaq məşqçiləri var… Hələ o məşqçilər arasında qəpik-quruşa işləyənləri var. Hələ… Var, çox şey var.
Bəli, cənab Fərəcullayev, doğru buyurursuz, düzgün plan işin yarısıdır. Amma və lakin, düzgün plan düzgün kadrların, düzgün insanların əlində olduğu halda. Azərbaycan futbolunda, ümumiyyətlə, ölkədə demək olar, bütün sahələrdə öz işinə vicdanla, ləyaqətlə yanaşan nə qədər düzgün adam var? Bəziləri televiziya ekranlarına da çıxan, ağıllı-ağıllı məsləhətlər verən, amma gözlərindən fürsət verilən kimi olduqları sahəyə ayrılan pulları yeyib-dağıtmağa hazır görünən bu “futbol adamları”nın arasından düzgünlərini necə seçəcəksiz? Azərbaycanda peşəkar kadr problemindən daha əfzəl düzgün, işinə vicdanla yanaşan, ləyaqətli insan problemi var, cənab baş katib. Bu, dünən də belə idi, bu gün də belədir, sabah da… AFFA-nın keçmiş mətbuat xidməti rəhbəri Mikayıl Nərimanoğlu o kiçik, mütəvazi vəzifəsinə rəğmən, “Kəpəz” klubuna ayrılan maliyyə vəsaitinə göz dikməmişdimi? Bu ki yaxın tarixdir, unutmamışıq. Siz də unutmayın, hörmətli baş katib.
Bəli, dağılmış və dağıntılar altında ən çox əziyyət çəkənin milli komandanın olduğu Azərbaycan futbolunda hər şeyi sıfırdan qurmalısız. Amma düzgün insanlarla, yeyib-dağıtmağa həvəsli olan və buna öyrəşmişlərlə yox. Azərbaycan futbolu yetərincə yeyilib, dağıdılıb. O dediyiniz İnkişaf Strategiyası növbəti dəfə acgözlərin ac gözlərini doyurmaq fürsətinə çevrilməməlidir, cənab baş katib.
Bizi Facebook-da izləyin



