“Qurban Qurbanov bunu görür və tezliklə çıxış yolunu tapacaq” – MÜSAHİBƏ

AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun Komanda.az saytına müsahibəsi:

Azərbaycan millisinin hazırkı durumu ilə bağlı nə deyə bilərsiz?

– Milli komandanın durumu hamıya bəllidir. Problemlərdən qurtarmağı, çıxış yolunu tapmağı hər birimiz istəyir, bunu arzulayırıq. İnanıram ki, buna nail olacağıq.

“Qarabağ”ın cari mövsümdə Avropa Liqasındakı çıxışını necə dəyərləndirirsiz?

– Hesab edirəm ki, “Qarabağ” Avropa Liqası və çempionat matçlarında rotasiyalara əl atmaqla hardasa öz oyununa xələl gətirib. Yəni, istənilən oyunun şahidi olmuruq. Buna baxmayaraq, “Qarabağ”a ümidlərimiz, inamımız böyükdür. Düşünürəm ki, Qurban Qurbanov bunu görür və tezliklə çıxış yolunu tapacaq. Biz yenə də “Qarabağ”ın uğurlarının şahidi olacağıq.

Azərbaycan Premyer Liqasının səviyyəsi barədə nə düşünürsüz?

– Premyer Liqamızın səviyyəsi ildən-ilə artır. Bu, çox önəmlidir, çox vacibdir. Hesab edirəm ki, bu, ümumi futbolun inkişafı, futbolçuların tərəqqisi üçün çox önəmli bir amildir. İnanıram ki, bu, futbolun bütün yaş qruplarına müsbət təsir göstərəcək, həmçinin, komandalarımızın Avropadakı gələcək çıxışları uğurlu olacaq. Millimizin də uğurlu çıxışlarının şahidi olacağıq. Ümumiyyətlə, istəyimiz futbolumuzun inkişafı və nəhayət ki, azarkeşləri sevindirən nəticələr olmasıdır. İstər milli, istərsə də klub səviyəsində. Ən vacibi odur ki, bunun üçün addımlar atılır. Düşünürəm ki, istədiyimizə nail olmaq üçün hər bir şərait və imkan yaradılacaq.

Fernandu Santuş burdadırmı, burada deyilsə, çempionat oyunlarını kim izləyir?

– Fernandu Santuş burdadır. Sonuncu dəfə biz onu “Səbail”lə “Kəpəz”in oyununda gördük. Məşqçilər Komitəsi olaraq oyunları daim izləyirik. Santuş da uzun müddətdir ölkədədir. Bütün oyunları nəzarətdə saxlayır. Bəzi oyunlara özü gedir, bəzilərinə isə köməkçilərini göndərir. Belə demək olar ki, hər şeyi nəzarət altında saxlayır.

AFFA-nın İnkişaf Strategiyasının hazırlanmasında iştirak etmisiz? İştirak etmisizsə, hansı təklifləri vermisiz?

– Ümumi məsələlər müzakirə olunub. Ən vacibi odur ki, strategiyada qeyd olunanları tətbiq etmək lazımdır.

AFFA İcraiyyə Komitəsinin iclasında müzakirə olunan mövzulardan biri legioner limitinin aradan qaldırılması ilə bağlıdır. Buna münasibətiniz necədir?

– Geci-tezi bu, qaçılmaz addımdır. Legioner limiti ləğv olunacaq. Ancaq hesab edirəm ki, bunun üçün strategiyada görüləcək çoxlu işlər var. Bunları edib, işlək bir mexanizim yaratmalıyıq. Vahid bir sistemə gəldikdən sonra legioner limiti ilə bağlı məsələ müzakirəyə çıxarılmalıdır. Mən bunu demişəm və bir də vurğulamaq istəyirəm ki, yerli futbolçular üçün bir qapını bağlayırıqsa, digərini mütləq açmalıyıq. Ona görə ki, futbolçu oynamalıdır. Çünkü futbolçu oynaya-oynaya inkişaf edir. Biz də inkişafdan danışırıqsa, futbolumuzun inkişafını görmək istəyiriksə, hər bir şəraiti yaratmalıyıq. Bunun üçün uşaq futbolundan başlayaraq, yuxarı “piramida”nın başına qədər elə bir islahatlar aparmalıyıq ki, bizim futbolçularımız rəqabətli çempionatda çıxış etsinlər. Aşağı yaş qruplarından qalxa-qalxa güclü futbolçulara çevrilib, Premyer Liqada inamlı çıxışları ilə hər birimizi sevindirməyi bacarsınlar.

“Turan Tovuz”un cari mövsümdəki çıxışını necə dəyərləndirirsiz? Kurban Berdıyevin komandası “Qarabağ”a heç bir oyunda uduzmayıb. Sizcə, bu təsadüfdür, yoxsa Berdıyevin işi?

– Hesab edirəm ki, yeni bir komanda formalaşıb. Təsadüfi olub-olmadığını “Turan Tovuz” hər oyunda sübut edir. Tam fərqli bir komandanın şahidi oluruq. Bu gün mübariz, oyun intizamına riayət edən bir komanda formalaşır. Hər oyunda bu alınmır, ancaq gördüyümüz odur ki, Tovuz komandasının güclü rəqibə qarşı motivasiyası çox yüksək olur. Komanda sona qədər mübarizə aparır və “Qarabağ”a qarşı keçirdiyi hər üç oyundakı nəticə bunun bariz nümunəsidir.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button