“Real”a bir dəfə “yox” demək çətindir, iki dəfə çox çətindir, üçüncü dəfə isə bu, qeyri-mümkündür”
Son olaraq “Mançester Yunayted”i çalışdıran Joze Mourinyo açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 2010-cu ildə Madriddə keçirilən “İnter”in “Bavariya”ya 2:0 hesabı ilə qalib gəldiyi Çempionlar Liqasının final oyunundan sonra “Real”ın “sükanı arxasına” keçən portuqaliyalı mütəxəssis, klubla Milana qayıtmaması ilə bağlı danışıb:
“Oyundan sonra Milana qayıtsaydım, “Real”a gedə bilməzdim. Müqavilə imzalanmasa da, qərar verilmişdi. “Real”a getmək qərarına gəlmişdim. Əvvəllər iki dəfə təklif olsa da, getməmişdim. Bu, mənim üçüncü şansım idi. “Real”a bir dəfə “yox” demək çətindir, iki dəfə çox çətindir, üçüncü dəfə isə bu, qeyri-mümkündür. Buna görə də, mən İtaliyaya qayıtmadım.
Yadımdadır ki, hətta matçdan sonra paltardəyişmə otağına da getmədim, çünki yaşadığım hisslər, emosiyalar səbəbiylə özümə nəzarəti itirə bilərdim. Meydanda sözlərdən çox, hisslər vardı. Mən də bunlardan qaçmaq istədim. Heç kimlə mehriban şəkildə vidalaşmağa çalışmadım.
Onlar üçün darıxdığım dəqiqdir. Zamanı geri qaytarıb, bunları yenidən yaşaya bilmərik”.
Mourinyo 2010-2013-cü illərdə “Real”da çalışıb.
Bizi Facebook-da izləyin