“Ayaks”la oyuna pis hazırlaşmamışıq” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında Niderlandın “Ayaks” komandasına qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, Qurbanov oyuna yaxşı hazırlaşdıqlarını deyib:

“Çox vacib oyundur. Rəqib dünya futbolunda tanınır. “Ayaks”ın futbolun böyüməsində çox payı olub. Oyuna pis hazırlaşmamışıq. Futbolçuların hazırlıq səviyyəsi pis deyil, istəklidirlər. Azarkeşlərin razı qalacağına inanıram. Bu da bizim üçün önəmlidir.

Belə klubların Bakıya gəlməsi futbolumuza sevginin artması, inkişaf üçün böyük təkandır. Azyaşlı oyunçular belə nəhəng klubların Azərbaycana gəldiyini görür. Bu da futbola sevgini daha da artıra bilər. Bizim də təcrübəmiz çoxdur. Böyük klublara qarşı oynamışıq. Çəkinmirik, məğlubiyyətlər də görmüşük. Gələcəyə nikbin baxmaq və böyümək istəyiriksə, bu cür komandalarla oynamaqdan çəkinməməliyik. Belə rəqibə qarşı necə düzgün oynamalıyıq? Bu barədə düşünməliyik. Rəqib yaxşı komandadır, dinamik və ağıllı futbol sərgiləyir. Onlara qarşı mübarizə aparacağıq və bəzi şeyləri də öyrənirik”.

Qurbanov ukraynalı futbolçu Aleksey Kaşuk haqqında da danışıb:

“Hazırlığı pis deyil. Amma tam razı deyiləm. Onu da yaxşı başa düşürəm. Oyunlardan, kollektiv məşqlərdən uzaq qalmaq futbolçu üçün yaxşı deyil. Ona inamımız böyükdür. “Ayaks”la oyunda sürət, dinamika tam başqa olacaq. Onun texnikasından və bacarıqlarından istifafə edə bilərik”.

Baş məşqçi, Marko Yankoviçin sabahkı matçda şans qazana biləcəyini də söyləyib:

“Bu gün məşqimiz var. Marko Yankoviç özünü yaxşı göstərsə, şans qazanacaq. Mənim üçün əsas futbolçularımın sağlamlığıdır. Belə böyük oyunlardan əvvəl məşqin keyfiyyəti yüksək olmalıdır. Əvvəlki oyunlarla müqayisədə bu gün hamımız bir yerdə bu oyuna hazırlaşa bildik. Buna görə, inanıram ki, sabah yaxşı oyun göstərə biləcəyik. Yankoviç də bizim əsas oyunçularımızdan biridir. Sevindiricidir ki, o da sabahkı oyuna yaxşı hazırlaşa bilib.

Ümumiyyətlə, qapıçı olsun, digər mövqelərin oyunçusu olsun, kim daha yaxşı hazır olsa, o da oynayacaq. Hər iki qapıçı yaxşı formadadır. Hər ikisinə güvənirəm. Çox sadiq qapıçılardır. Düşünürəm ki, qarşıdakı oyunlarda özlərini yaxşı tərəfdən göstərəcəklər”.

UEFA Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunun “Qarabağ” – “Ayaks” matçı oktyabrın 24-də, saat 20:45-də başlayacaq.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button