“Meydanda yaşananlara baş məşqçi cavab verə bilər” – “Neftçi” rəsmisi
“Neftçi”nin media üzrə koordinatoru Rüstəm Əfsərli mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Komanda.az xəbər verir ki, klub rəsmisi nəticələrə görə baş məşqçinin cavabdeh olduğunu deyib:
“Meydanda yaşananlara baş məşqçi cavab verə bilər. Ona sualları oyunlardan sonra ünvanlaya bilərsiz.
Klubun fəaliyyətini mətbuata çatdırmaq mənim vəzifə borcumdur. Digər məsələlərlə bağlı məndə dolğun informasiya olduğu üçün cavablandıra bilərəm. Baş məşqçi nəticələrə görə cavabdehdir. Mövsümün sonundakı mümkün uğursuzluq isə hamımıza aiddir”.
Əfsərli “Neftçi Arena”nın ot örtüyü ilə bağlı vəziyyətə də aydınlıq gətirib:
“Artıq baza istifadəyə verilib. Obyektin ikinci mərtəbəsində iş gedir. Media nümayəndələrini də oraya dəvət edəcəyik. “Neftçi Arena”nın ot örtüyünun durumu qənaətbəxş deyil. Stadion AFFA-nın balansındadır. Amma biz yatırım edirik. Hazırda ot örtüyü üzərində iş gedir. Ciddi irəliləyiş var. “Qarabağ”la oyuna qədər tam hazır olacaq. 2021-ci ildən sonra yalnız kiçik bərpa işləri olub. Təbii hava keçidi arenada yaxşı deyil. Yay aylarında ot örtüyündə problemlər yaşanır”.
“Neftçi” Azərbaycan Premyer Liqasında 3 turdan sonra 2 xalla 7-ci pillədə qərarlaşıb.
Bizi Facebook-da izləyin