Azərbaycan güləşçilərinin ilk rəqibləri müəyyənləşdi

Sabah Milli Gimnastika Arenasında güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinə start veriləcək.

Komanda.az xəbər verir ki, bu gün hər 3 güləş növü üzrə püşkatma mərasimi keçirilib və güləşçilərimizin ilk rəqibləri müəyyənləşib.

Sabah yunan-Roma güləşi üzrə yarış keçiriləcək. Nihat Məmmədli (60 kq) 1/8 finalda Oleksey Masiklə (Ukrayna) qarşılaşacaq. İslam Abbasov (87 kq) eyni mərhələdə Avropa çempionu və dünya ikincisi Turpal Bisultanovla (Danimarka) mübarizə aparacaq. Murad Əhmədiyev (97 kq) 1/4 final yolunda Aleksandar Styepanetiçlə (İsveç) üz-üz gələcək. Beka Kandelaki (130 kq) isə təsnifat mərhələsində Avropa və dünya üçüncüsü Oskar Marviklə (130 kq) güləşəcək.

Aprelin 6-da qadın güləşçilər xalçaya çıxacaq. Mariya Stadnik (50 kq) mübarizəyə 1/4 finaldan qoşulacaq. Titullu güləşçimiz yarımfinal yolunda Ana Mariya Pirvu (Rumıniya) – Qabija Dilite (Litva) cütünün qalibini sınağa çəkəcək. Elnurə Məmmədova (53 kq) ilk mərhələdə Veronika Ryabolova (Ş.Makedoniya) ilə qarşılaşacaq. Jalə Əliyeva (57 kq) da yarışa 1/4 finaldan start verəcək. Həmyerlimiz yarımfinala yüksəlmək üçün Otelye Hoye (Norveç) – Alina Akobya (Ukrayna) görüşünün qalibini üstələməlidir. Birgül Soltanovanın (62 kq) təsnifat mərhələsində rəqibi fransalı Amelin Duarre olacaq. Elis Manolova (68 kq) isə ilk mərhələdə bolqarıstanlı Mimi Xristovayla üz-üzə gələcək.

Son yarış günündə estafet sərbəst güləşçilərə keçəcək. Əliabbas Rzazadə (57 kq) təsnifat mərhələsində italiyalı Simyone Piroddu ilə güləşəcək. Hacı Əliyev (65 kq) eyni mərhələdə Fransanı təmsil edən Xamzat Arsamerzoyevi sınağa çəkəcək. Turan Bayramov (74 kq) 1/8 finalda isveçrəli Tobias Portmanla qarşılaşacaq. Osman Nurmaqomedov (86 kq) ilk mərhələdə litvalı Domantas Pavluçenkoya qalib gəlməyə çalışacaq. Mübarizəyə 1/4 finaldan qoşulacaq Georgi Meşvildişvili (125 kq) isə Abraham Konyedo (İtaliya) – Paris Karepi (Albaniya) cütünün qalibiylə üz-üzə gələcək.

Xatırladaq ki, hər çəkidə 2 güləşçi Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button