Regional voleybol klubları yaradılıb
Azərbaycan Voleybol Federasiyası (AVF) bölgələrdə bu idman növünün inkişaf etdirilməsi, uşaq və yeniyetmələrin voleybola cəlb olunması istiqamətində müxtəlif tədbirlər həyata keçirir.
Komanda.az xəbər verir ki, bu işlər çərçivəsində bölgələrdə Regional Voleybol Klubları (RVK) yaradılıb.
Bu gün Sumqayıt RVK-nun komandası ilə Şərqi Zəngəzur RVK-nun komandası arasında yoldaşlıq oyunu keçirilib.
Sumqayıt Olimpiya İdman Kompleksində təşkil olunan oyunda AVF-nin prezidenti Şahin Bağırov, Sumqayıt şəhər icra başçısının birinci müavini Teymur Səmədov, AVF-nin baş katibi Faiq Orucov, RVK-ların rəhbərləri, dəfələrlə Paraolimpiya Oyunlarında, Avropa və dünya çempionatlarında çempion olmuş İlham Zəkiyev, yeniyetmə və gənc qızlardan ibarət milli komandaların baş məşqçisi Şahin Çatma, həmçinin federasiyanın digər əməkdaşları iştirak ediblər.
Oyundan əvvəl Şahin Bağırov çıxış edərək Ulu Öndər Heydər Əliyevin idmanın, eləcə də voleybolun inkişafına göstərdiyi dəstəkdən danışıb. Ümummilli Liderin hər zaman voleybolçulara, ümumilikdə idmançılara qayğı göstərdiyini, onun idman siyasətinin bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Ş.Bağırov ölkədə voleybolunun inkişafı ilə bağlı görülən işlərdən də danışıb. Qeyd edib ki, xüsusilə paytaxtımızla yanaşı, bölgələrdə də uşaq və yeniyetmərin voleybola cəlb olunması üçün mühüm işlər görülür. O, bu işlərin nəticəsi olaraq yaxın gələcəkdə güclü yerli oyunçuların yetişəcəyinə və onların milli komandalarımız, klublarımızla böyük uğurlar qazanacaqlarına əminliyini ifadə edib.
Sonra Sumqayıt şəhərindən olan paracüdoçu İlham Zəkiyevə cüdonun inkişafındakı xidmətlərinə və qazandığı çoxsaylı nailiyyətlərinə görə, Şahin Çatmaya isə gənc və yeniyetmə voleybolçuların müəyyənləşdirilməsi istiqamətindəki xidmətlərinə görə təşəkkür plaketləri verilib.
Daha sonra komandaların yoldaşlıq görüşü start götürüb. Maraqlı mübarizədə keçən oyunda Sumqayıt RVK-nun komandası 2:1 hesabı ilə qələbə qazanıb.
Bizi Facebook-da izləyin