Azərbaycan boksçusu erməniyə qalib gəlib, Paris-2024-ə lisenziya qazandı
Polşada keçirilən 3-cü Avropa Oyunlarında boks üzrə yarışların 1/4 final mərhələsinə start verilib.
Komanda.az xəbər verir ki, yarımfinala gedən yolda Azərbaycan millisinin heyətində ilk olaraq rinqə Murad Allahverdiyev çıxıb.
80 kq çəkidə mübarizə aparan idmançı Hambardzum Hakobyanla (Ermənistan) üz-üzə gəlib. Görüş boksçumuzun aşkar üstünlüyü şəraitində keçib. Hər 3 raundu xeyrinə bitirən Murad yekunda 5:0 (30:26, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə qalib gəlib və mərhələ adlayıb.
O, yarımfinala çıxmaqla özü üçün ən azı bürünc medalı təmin edib. Allahverdiyev yarışda “dördlüy”ə yüksəldiyi üçün həm də Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Bu, boksçularımızın Fransada təşkil olunacaq Olimpiadaya ilk vəsiqəsi olub.
Ardıcıl olaraq, Kevin Şumann (Almaniya), Nikita Niysted (Finlandiya) və Hambardzum Hakobyanı (Ermənistan) mübarizədən kənarlaşdıran Murad yarımfinalda Qabriyel Veoçiçlə (Xorvatiya) qarşılaşacaq. Görüş iyunun 30-da olacaq.
Bu gün daha 3 boksçumuz 1/4 final döyüşünə çıxacaq. Məhsəti Həmzəyeva-Ağamalıyeva (57 kq) Amina Zidanilə (Fransa), Sərxan Əliyev (71 kq) Makan-Vie Traore (Fransa) ilə və Məhəmməd Abdullayev (+92 kq) Stilianos Pouliasla (Yunanıstan) üz-üzə gələcək.
Bizi Facebook-da izləyin