Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Arpaçay Karate Klubunun açıq turniri keçiriləcək
23–25 iyun 2023-cü il tarixlərində Bakı İdman Sarayında keçiriləcək Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Arpaçay Karate Klubunun açıq karate turnirinə hazırlıq işləri Gənclər və İdman Nazirliyinin Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi, Azərbaycan Karate Federasiyaları Assosiasiyasının (AKFA) və Azərbaycan Milli Karate Federasiyasının (AMKF) birgə təşkilatçılığı ilə davam edir.
Arpaçay Karate Klubunun prezidenti Yavər Hüseynovun Komanda.az-a verdiyi məlumata görə, turnir çərçivəsində ölkəmizdə ilk dəfə olaraq, Azərbaycan Karate Federasiyaları Assosiasiyasının rəhbərliyi, son 30 ildə karatenin inkişafında misilsiz rol oynayan, milli karatenin təməlini qoyan dəyərli karate ustadlarımız, o cümlədən AKFA-nın prezidenti Ülvi Quliyevin və AKFA-nın vitse-prezidenti Füzuli Musayevin iştirakı ilə karate üzrə texniki seminar da baş tutacaq.
Belə ki, turnirin 1-ci günü, 23 iyun 2023-cü il tarixində saat 14:00-da Bakı İdman Sarayında keçiriləcək seminarda Azərbaycanın əfsanəvi karateçilərinin hamısı bir arada olacaq, ümumiyyətlə, 400-ə yaxın məşqçi və idmançının iştirakı nəzərdə tutulur.
Arpaçay Karate Klubunun açıq karate turnirinin açılış mərasiminin keçirilməsi isə 24 iyun 2023-cü il tarixində saat 17:00-a planlaşdırılır.
Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Arpaçay Karate Klubunun açıq karate turniri 3 gün davam edəcək və Azərbaycanın paytaxtı Bakıdan, habelə regionlardan 1000-dən çox idmançı, o cümlədən 8–11 yaşlı uşaqlar, 12–15 yaşlı yeniyetmələr, 16–17 və 18 – 20 yaşlı gənclər kata, kumite və komanda-kumite yarışlarında mübarizə aparacaqlar.
Bizi Facebook-da izləyin