“Futbolçularım trebl haqda düşünə bilmirlər” – Qvardiola
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandasının cari mövsümü üç kubokla bitirməsi haqda gözləntilərini bölüşüb.
Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, o, hər yarış üçün bir qələbəyə ehtiyac duyduqlarını söyləyib:
“İndi elə durumdayıq ki, futbolçularım trebl haqda düşünə bilmirlər. Hər yarış üçün bir qələbəyə ehtiyacımız var. Bunu edə bilərik.
Əvvəl Premyer Liqada bir qələbə qazanmalıyıq. Daha sonra Federasiya kubokunda qonşularımızla oyunumuz var.
Ən sonda isə Çempionlar Liqasının finalında “İnter”lə qarşılaşacağıq. Finalda olmaq, İtaliya klubuna qarşı oynamaq bizim üçün o qədər xoşdur ki… Bunu sözlərlə ifadə edə bilmirəm. Həmin matçdan həzz alacağıq”.
“Mançester Siti” ölkə çempionatının 37-ci turunda “Çelsi”ni məğlub etsə, Premyer Liqanın qalibi olacaq.
“Şəhərlilər” iyunun 3-də İngiltərə Federasiya kubokunun finalında “Mançester Yunayted”lə üz-üzə gələcək.
Qvardiolanın yetirmələri iyunun 10-da isə Çempionlar Liqasının finalında “İnter”lə çempionluq uğrunda mübarizə aparacaq.
Bizi Facebook-da izləyin