Federasiyanın yeni prezidenti voleybolçularla görüşdü
Bu gün Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov qurumun əməkdaşları ilə görüşüb.
Komanda.az xəbər verir ki, o, yeni rəhbər təyin olunduğu federasiyanın hər bir əməkdaşının tutduğu vəzifəsi və gördüyü işlərlə tanış olub.
Qurum rəhbəri federasiyanın cari fəaliyyəti, qarşıda duran vəzifələrdən və gələcək hədəflərdən danışıb, müvafiq tapşırıqlarını verib. Belə görüşlərin mütəmadi keçiriləcəyini bildirən Bağırov, əməkdaşların suallarını cavablandırıb, onlara işlərində uğurlar arzulayıb.
Daha sonra federasiya prezidenti voleybolçularla da görüşüb. O, Voleybol Mərkəzində ölkə çempionatında mübarizə aparan klublarla görüş keçirib. Görüşdə klub rəhbərləri və əməkdaşları, eləcə də oyunçular iştirak ediblər.
Federasiya rəhbəri voleybolçularla söhbət edib, klubların vəziyyəti ilə maraqlanıb. Qarşıdakı işlərlə bağlı qısa məlumat verən Bağırov voleybolçulara və komandalara ölkə birinciliyindəki oyunlarda uğurlar arzulayıb.
Bizi Facebook-da izləyin