“Qalatasaray”la oyun üçün 10-12 futbolçumuz qalacaq” – Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 27-ci turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 6:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Bizim üçün çox vacib matç idi. Həm yaxşı oyun göstərmək, həm də 3 xal əldə etmək istəyirdik. Oyun düşündüyümüz kimi alındı. İlk iki qoldan sonra daha rahat oynadıq. Matçdan-matça oyunumuzu daha da yaxşılaşdırmaq vacibdir. Bu gün futbolçularım meydanda çox məsuliyyətli oldular, həm də istəkli idilər. “Sumqayıt”a uğurlar arzulayıram.
Maksim Medvedevin qızdırması var. Ona görə ehtiyatda yox idi. Bu üzdən Nəriman Axundzadəyə şans verdik. Olsaydı, Nərimanı o mövqedə oynatmazdıq. Axundzadə çox bacarıqlı futbolçudur. İstənilən mövqedə minimum tapşırığı yerinə yetirməyə çalışır. Gələcəkdə onu hücüm xəttində daha çox görmək istəyərdik”.
Qurbanov “Qalatasaray”a qarşı keçirəcəkləri yoldaşlıq oyunu üçün digər klublardan futbolçu götürməklə bağlı hələ heç bir addım atmadıqlarını bildirib: “Hələ heç kimə müraciət etməmişik. Hesablamalarımıza görə, əlimizdə 12 futbolçu qalmalıdır. Maksim Medvedevlə Qara Qarayev də getsə, 10 nəfər qalacaq. Ola bilər ki, oyuna 2-3 gün qalmış müraciət edək. Çünki, Benzyanın, Diakabinin hazırlığı tam bəlli olacaq. Ayın 19-na kimi komandaya istirahət verdim. Onlar 19-u komanda ilə birlikdə məşq etməlidirlər. Hələ ki, fərdi hazırlaşırlar. Konkret olaraq müdafiə xəttində çatışmazlığımız olacaq. Çünki, cəmi 3 müdafiəçimiz qalır. Rahil, Kevin və Maksim. Ola bilər ki, 2-3 müdafiəçi üçün digər klublara müraciət edək. Amma yenə də qarşıdakı məşq proseslərindən çox şey asılı olacaq. Digər mövqelərə də futbolçu lazım ola bilər.
“Qalatasaray”la matçın bu tarixə salınmasına gəlincə, şərtlər hər ikimiz üçün eynidir. Onların da bəzi oyunçuları millilərə gedəcək. Millidə oynamayanlar daha adlı-sanlıdır. Azarkeşlər onları görəcəklər. Biz tərəfdən ciddi problem görmürəm. Əlbəttə, istəyərdim ki, bütün futbolçular olsun. Burada məqsəd elədir ki, istənilən vaxt biz buna “yox” deməzdik. Hətta ən sıx qrafikdə belə “yox” demərik. Çünki, matçdan əldə olunan gəlir zəlzələ bölgəsinə göndəriləcək. “Qalatasaray” kimi böyük klubların həmişə boş vaxtı olmur. Bunu da nəzərə almalıyıq. Yoldaşlıq görüşü olduğuna görə oyuna rahat yanaşacaqlar. Bu arada olması həm klublar, həm futbolçular üçün daha faydalı olacaq. Deməzdim ki, nəticə önəmli olacaq. Amma biz yaxşı oyun göstərmək istəyirik. Futbolu azarkeşlər üçün oynayırıq. Bəlkə də stadionun yarısı “Qarabağ”, yarışı “Qalatasaray” azarkeşi olacaq. Bakıda “Qalatasaray” tərəfdarlarının sayı çoxdur. Çox istəyirik ki, azarkeşlərimiz oyundan həzz alsınlar. Məqsədimiz bacardığımız qədər yardım etməkdir. Oradakı insanların buna ehtiyacı var. Türkiyə bizim qardaş ölkədir. Həmişə bir yerdə olmuşuq. Türkiyəyə öz evimiz kimi getmişik”.
Bizi Facebook-da izləyin