“Çempion olmaq istəyirik, amma biz də xal itirə bilərik” – Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 26-cı turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında aşağıdakı fikirləri səsləndirib:

“Futbolçularımı təbrik edirəm. Çox vacib üç xal qazandıq. Oyundan razı qaldım. Topla tez və dinamik rəftar etdik. Bu, çox vacib idi. Hücumda olmağımıza baxmayaraq, müdafiədə diqqətli oynadıq. Düşünürəm ki, yaxşı oyun keçdi. Şahin Diniyevə uğurlar arzu edirəm.

Asan qələbə qazanmadıq. “Səbail”i başa düşmək olar. Sonuncu yerdə olduqları üçün ehtiyatlı davranırdılar. Onlar “Sabah”ı kubokdan uzaqlaşdırıb. Hər bir komandanın istənilən rəqibi məğlub etmək imkanı var. Futbol elə səviyyədədir ki, istənilən komanda müqavimət göstərə bilər.

Qarşıda hələ 10 oyun var. Bu isə 30 xal deməkdir. Gərgin oyunlar bizi gözləyir. İstənilən oyunda xal itirmək ehtimalımız var. Bəli, biz çempion olmaq istəyirik. Hələ heç nə məlum deyil.

Milli komandamıza uğurlar arzu edirəm. Hər zaman inamlı olmalıyıq. Futbolçuların hər birinin təcrübəsi var. Rəqiblərə real baxmalıyıq. Öz komandamdan hansı futbolçuların millidə çıxış etməsi mənim seçimimə bağlı deyil.

Ümumiyyətlə, ölkə futbolunun daha yaxşı olması üçün çempionat yüksək səviyyədə olmalıdır. Hər bir halda, çox istəyərdim ki, özümüz daxil bütün komandalar səviyyələrini yaxşılaşdırsın. Digər ölkələrin də bizim çempionata marağı yüksək səviyyədə olmalıdır. Get-gedə xeyli dəyişiklik var. Oyunlar bizim üçün heç də asan olmur. Həmkarlarım bizə qarşı çox düzgün oyun qurmağa çalışırlar.

Hazırda Filip Ozobiç və Ramil Şeydayev bizim futbolçularımızdır. Cari mövsümün sonunda bu barədə düşünəcəyik.

Mənim planlarıma görə bütün futbolçularım yaxşı səviyyədə olmalıdır. Onlar da insandırlar. Çox istəyərdim ki, heç biri zədələnməsin. Hər bir halda, zədəli futbolçuların tezliklə formaya düşməsi hər bir məşqçinin istəyidir.

“Beşiktaş”la xeyriyyə oyunu ilə bağlı heç bir danışıq olmayıb. Hamı istəyər ki, yardımla əlaqədar olaraq yoldaşlıq matçı keçirilsin”.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button