Gəncədən şikayət – Futbolçular paltarlarını çöldə dəyişirlər, məşqdən sonra yuyunmurlar
Gəncə şəhəri Zülfü Hacıyev küçəsində məşhur məşqçi Konstantin Maksimoviç Abramenkonun adını daşıyan “Lokomotiv” stadionunun ərazisində tikilən meydançadakı acınacaqlı vəziyyət və məşqçilərin çıxılmaz duruma düşmələri barədə şikayətlər var.
Komanda.az xəbər verir ki, futbol veteranları klubunun sədr müavini Firuz Qulami meydançanın bu il AFFA tərəfindən tikildiyini bildirib. Onun sözlərinə görə, açılış mərasimində icra başçısı bu meydançanı Tofiq Məmmədovun sədri olduğu “Kəpəz” futbol klubunun veteranlarına təqdim edib. İcra başçısı yeni tikilən meydançanın Kəpəz bələdiyyəsinin balansına veriləcəyini desə də, hələ bu günə qədər heç bir sənədləşmə işi aparılmayıb. Hazırda meydança heç bir qrumun balansına aid deyil.
Bununla yanaşı, planda iki sanitar qovşaq, iki paltardəyişmə otağı, iki duş otağı nəzərə alınsa da, tenderdə qalib gələn şirkət stadionun inşası zamanı bu şərtlərin heç birinə əməl etməyib. Futbolçular paltarlarını açıq havada dəyişirlər, məşqdən sonra yuyunmurlar, olmayan sanitar qovşağından yararlana bilmirlər. Təhvil verilən tikintinin hasarı isə artıq sökülmək üzrədir. Bu da veteran futbolçuların ciddi etirazına səbəb olub. Onlar müxtəlif yaş qrupları üzrə yeniyetmə futbolçulara məşqlər keçirlər və 100-dən çox idmançı acınacaqlı aqibət yaşamaqdadırlar.
Qulami onu da vurğulayıb ki, məşqçilərə əməkhaqqı da verilmir və onlar ilk gündən maaşsız fəaliyyət göstərirlər. Yaşadıqları problemlərlə bağlı AFFA-ya və Gəncə Şəhər İcra Hakimiyyətinə müraciətlər ünvanlasalar da, onlara dəqiq cavab verilməyib. Onlara cəmi bir dəfə idman geyimləri və toplar alınıb.
“Rupor.az” saytının əməkdaşı məsələ ilə bağlı AFFA-nın mətbuat katibi Firuz Abdulla ilə əlaqə saxlayıb. Firuz Abdulla bildirib ki, bir müddət öncə həmin stadionda örtüyün dəyişdirilməsi ilə bağlı AFFA-ya Gəncədən müraciət daxi olub:
“Orada heç vaxt süni örtük olmayıb, məşqlər ya torpaqda, ya da asfalt üzərində aparılıb. AFFA-nın sünü örtüklü meydançalar layihəsi var, indiyə qədər həm Bakıda, həm də müxtəlif bölgələrdə təmənnasız olaraq 150-dən artıq belə meydançalar tikilərək istifadəyə verilib. Həmin layihənin tərkibində paltardəyişmə otağı, duş kabinələri, sanitar qovaşqlar nəzərdə tutulmur. Sözügedən ərazi AFFA-nın balansında deyil. Biz yalnız uşaqlarn daha rahat məşq etməsi üçün üzərimizə düşən işi görmüşük – süni örtüklü meydança inşa etmişik”.
Mətbuat katibinin nəzərinə meydançanın planında iki sanitar qovşaq, iki soyunub-geyinmə otağı, iki duş otağının müəyyən kavadrat metr göstəricilərlə qeyd olunduğunu çatdırdıqda və həmin fotonu AFFA-nın rəsmi e-mail ünvanına göndərdiyimizi söylədikdə cavab belə oldu:
“O fotonu görməmişəm, bəlkə də, kimsə arzusunda olduğu planı hazırlayıb. Bu sualınıza daha dəqiq cavab vermək üçün həmin məlumatı infrastruktura cavabdeh olan şöbəyə yönləndirəcəm və sizə dəqiq bilgi veriləcək”.
Gəncə İcra Hakimiyyətindən isə bildirdilər ki, qurumun rəsmi e-mail ünvanına göndərdiyimiz sorğuda əksini tapan məlumatlar araşdırılır və bu barədə rəsmi cavab veriləcək.
Bizi Facebook-da izləyin