Rəşad Sadıqov VAR-dan şikayətləndi: “Buna elm lazım deyil”
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 3-cü turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, qolsuz bitən oyundan sonra bunları söyləyib:
“Maraqlı oyuna şahidlik etdik. Hər iki komanda istəkli idi. Çoxlu qol imkanımız oldu. Amma bundan yararlana bilmədik. Komandanın oyunu düzələndən sonra nəticə gələcək.
Sadıqov heyətdən kənarlaşdırılaraq transferə çıxarılan Təmkin Xəlilzadə və İlkin Muradov haqqında da danışıb: “Hamı bilir ki, bu futbolçulara çox dəstək olmuşam. Detallara varmaq istəmirəm. Bu oyunçulara qayğı göstərmişəm. Müəyyən səbəblər var ki, belə qərarlar qəbul etdik. Hər ikisi yaxşı futbolçudur. Onlara gələcək karyeralarında uğurlar arzulayıram”.
Baş məşqçi kollektivdə qarşıdurmanın olmadığını söyləyib: “Biz ailə kimiyik. Hamısına böyük qardaş olmuşam. Xüsusilə də yerlilərə qayğı göstəmişəm. Bunun da qarşılığında müəyyən şeylər gözləyirəm. Onu almayanda məyus olursan. Yol göstərirsən, söhbət edirsən. Tələblərinə uyğun gəlmirsə və bu, uzun müddət davam edirsə, qərar qəbul etməlisən. Hazırda sol cinah müdafiəçisi axtarırıq. Əlimizdə yalnız Slavik Alxasov var. Transfer etmək də çətindir”.
Mütəxəssis rəqibin müdafiədən çıxış etməsinə də münasibət bildirib: “Onlardan belə oyun gözləmirdim. Çünki yaxşı futbolçuları var. “Qarabağ”a qarşı yaxşı mübarizə aparmışdılar. Meydanda dominant idik, amma bunu nəticəyə çevirə bilmədik”.
Sadıqov VAR-la bağlı narazılığını da dilə gətirib. O, VAR-a görə oyunun 6 dəqiqə dayandırılmasına qarşı çıxıb: “Ötən il deyirdim və hiss edirdim ki, VAR gələndən sonra daha böyük problemlər olacaq. Bu da isbat edildi. Baş hakimə həmin epizoddan əvvəlki an göstərilmədi. Axı buna elm lazım deyil. VAR-a görə altı dəqiqə dayanmaq olar? 80-cı dəqiqədir və matçın sonlarıdır. 6 dəqiqə fasilə verirsən, rəqib istiahət edir. VAR-a qədər üstünlüyümüz var idi, ondan sonra “Sumqyaıt” əks-hücuma çıxdı. Nəsə, qərar verilməlidir. VAR-a 2-3 dəqiqədən çox vaxt ayrılmamalıdır. Ondan sonra üstünlük yarartmaq çətinləşir”.
Sadıqov VAR-a daha təcrübəli referilərin təyin olunmasını istəyib: “Baş hakim Rəvan Hamzadadə dedi ki, futbolçuya toxunuşu görmüşəm. Amma VAR hakimi dedi ki, get özün bax. Yaxşı olardı ki, VAR-a daha təcrübəliləri qoyulsun. Çünki onlar həlledici rol oynayırlar. Qarşılaşmanın bu qədər dayanmasına səbəb olurlar. Adam hiss edir ki, qarşıdakı turlarda bizi nələr gözləyir”.
Bizi Facebook-da izləyin