Rəşad Sadıqov: “Makkabi” ilə şanslarımız bərabərdir”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Bakıda İsrailin “Makkabi” (Təl-Əviv) komandasına qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Rəqibdə məşqçı dəyişikliyi baş verib. Heyətlərində zədəli futbolçuları var. Bunu bilmək üçün İsrailə səfərim vacib idi. Hazırlıq sırf bu turnir üçün yox, eyni zamanda çempionat üçün qurulub. Komandanın oyuna köklənməsindən çox razıyam. İlk oyunda ideal formada olmağımızı düşünmək doğru olmaz. Matça, müsbət nəticəyə köklənmişik. Rəhim Sadıxovun universiallığından səmərəli istifadə etmək istəyirəm. Futbolçunun 2-3 mövqedə oynamağı bacarması hər məşqçinin arzusudur. Rəhim də universaldır, hər bir taktiki sxemə uyğundur”.

Sadıqov “Qarabağ”dan icarəyə götürülən Rüstəm Əhmədzadə barədə də fikirlərini bölüşüb:

“O, gənc və perspektivli futbolçudur. “Qarabağ”da hücum xəttində rəqabət böyükdür. Rüstəm “Qarabağ”a keçməzdən əvvəl də onu transfer etmək istəmişdim. Həmin vaxt menecerləri demişdi ki, Azərbaycanda yalnız “Qarabağ”da oynaya bilər. Rüstəm də universal futbolçudur. Mövsümboyu ondan müxtəlif mövqelərdə, daha çox hücumçu kimi yararlanacağıq. Futbolda hər an problem yaşaya bilərsən. Rüstəmlə söhbətimizdə də pozitiv reaksiya gördüm. Əminəm ki, inadkarlığı və istəyi ilə problem yaşamayacaq, gələcəkdə “Qarabağ”ın aparıcı oyunçusuna çevriləcək”.

Onun sözlərinə görə, bu yay etdikləri transferlər təkcə avrokuboklar üçün deyil:

“Bir mövsümlük plan cızmışıq. 4-5 transfer etmək istəyirik. Mənim üçün vacib olan əlimizdəki oyunçuların performansıdır. Bu komanda ilə ötən mövsüm uğurlu çıxış etmişik. Bir az da uğurlu olub, kuboku qazana bilərdik. Hazırda transfer danışıqları istədiyimiz kimi getmir. Transferlərin olmaması “Makkabi” ilə oyunlarda hiss olunmaz”.

Baş məşqçi Slavik Alxasovun transferindən də söz açıb:

“Onu hələ “Sabah”a keçməzdən əvvəl də istəmişdim. Bu il artıq 4 cinah müdafiəçimiz var. Kimsə cəzalı və ya zədəli olduqda digərləri onu rahatlıqla əvəz edə biləcək. Çünki ötən mövsüm bəzən Qismət Alıyevi sol cinahda oynadırdıq”.

Sadıqov komandasının hücum potensialına da toxunub:

“Rüstəm Əhmədzadə və Hamidu Keyta ön xətdə oynaya bilir. Hətta Rəhim də yalançı hücumçu mövqeyində oynaya bilər. Hücum xətti ilə bağlı problemimiz yoxdur. Filipe Paxtmann və Təmkin Xəlilzadə hazır olsaydı, heyətin kasadlığndan narahat olmazdım. Həmçinin Mirsayib Abbasov da hücumun hər iki cinahında oynaya bilir. Mən universal oyunçuları xoşlayıram. Çünki belə olanda bəzən gözlənilməz addım ata bilirsən”.

Mütəxəssis Ahmed Ayzaya və Brayan Alseusla vidalaşmalarının səbəbini də açıqlayıb:

“Ayzayanın potensialı çox yaxşı idi, onu bəyənirdim. Amma müəyyən şeylər var ki, komandamda o amillər çox vacibdir. Nə qədər istedadlı olursan-ol, mənim öz prinsiplərim var. Onunla yollarımızı normal ayırdıq. Həmçinin Alseusun da şəxsi problemləri var idi. Daim qayğılı idi, işinə köklənə bilmirdi. Əcnəbi futbolçudan dərhal nəticə istənilir. Belə olan halda hansısa oyunçunu oynatmamaq mənə ağır gəlir. İnsanlar futbola sevərək gəlir. İdmanın digər sahələrdən fərqi ondadır ki, insan bu sahəni sevərək seçir. Ondan da oynamağı əlindən alanda bu sevgidən məhrum edirsən. Kimisə oynatmağı düşünmürəmsə, öncədən ona deyirəm ki, qalıb məyus olmaqdansa, xoşbəxt olacağı yerə getsin. Bir az fərqli futbolçuları xoşlayıram. Heyətimizdəki bir çox oyunçular tanınmır, əvvəlki komandalarında heyətə düşə bilməyiblər”.

Sadıqov “Makkabi” ilə matça hazır olduqlarını vurğulayıb:

“Rəqibin favorit sayılması normaldır. Daim avrokuboklarda oynayır, ölkə çempionatında iddialıdır. Məni isə sabah 90 dəqiqənin hər saniyəsi maraqlandırır. Ondan sonra gedişata baxacağıq. Şansları bərabər görürəm. Hər şey düşündüyümüz kimi getsə, futbolçularım yaxşı oyunlarından birini göstərsə, “Makkabi”ni təəccübləndirə biləcəyik. İsrail təmsilçisi üzərində qələbə komandanı yeni səviyyəyə çıxara bilər. Şəxsən mən oynayan vaxt da rəqib seçməmişəm. Püşkün önəmi yoxdur. Zəifə uduza və ya güclüyə qalib gələ bilərsən. Ən vacibi sənin hazırlığındır. Əminəm ki, komanda olaraq bundan daha çoxunu bacarırıq. İnşallah, sabah bunu meydanda göstərəcəyik.”.

O, təcrübəli müdafiəçi Ruslan Abışova şans verə biləcəyini istisna etməyib:

“Planımızda var. Ruslana ötən mövsüm də şans verməyi planlaşdırırdım. Təcrübəli, usta oyunçudur. Az oynasa da, aparıcı simalarımızdan biridir. Bəzən ağlımdan keçirdi ki, Cəlal Hüseynova istirahət verim, onu Ruslanla əvəz edim. Amma limitə görə müəyyən çətinliklər yaşayırdım. Abışov son məşqdə zədələndi. Bir həftə, 10 gün komandadan ayrı qalacaq”.

“Qarabağ”ın UEFA Çempionlar Liqasının təsnifat mərhələsindəki çıxışına da münasibət bildirən Sadıqov deyib ki, “köhlən atlar”ın güclü rəqiblər üzərində qələbəsi təkcə yerli klublar yox, bütün dünya futbolu üçün stimuldur:

“Bir komanda güclü çempionatların təmsilçilərini uda bilirsə, deməli, məğlubedilməz rəqib yoxdur. Bəzən “Qarabağ” üstün olduğu zaman düşünürsən ki, bu rəqibi keçmək olar. Bu, Ağdam klubunun gücüdür. Dünən də İsveçrə “Sürix”i üzərində bəlkə fərqli nəticə olmalı idi. İnanıram ki, komanda bu vəziyyətdən düzgün çıxış yolu tapıb, cavab oyununda da qələbə qazanacaq. Bu amillər hamı üçün motivasiyadır. Dünyada futbol ölkəsi kimi məşhur olmayan Azərbaycandan çıxan klubun avrokuboklardakı nəticələri hamı üçün stimuldur, məktəbdir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button