Aleksey Baqa: “O qolları heç traktorla da çıxarmaq mümkün deyildi”
“Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 0:3 hesabı ilə məğlub olduqları matçdan sonra bunları söyləyib:
“Rəqibi gözəl oyun və qələbə münasibətilə təbrik edirəm. Bizə gəlincə, hücum xəttində qeyri-dəqiqliklər çoxdur. Fiziki yorğunluq və ya ruh düşkünlüyündən şikayət etməyə haqqımız yoxdur. Avropa ilə müqayisədə Azərbaycanda futbolçular xeyli az oyun keçirirlər. Ona görə də yorğunluqdan şikayət etməyimiz kişilikdən deyil. Yalnız ustalıq səviyyəsi lazımdır. Bu gün qapımıza vurulan qollar elə idi ki, onları heç traktorla da çıxarmaq mümkün deyildi. Basketbolda 3 xallıq atışlar olur. Biz heç bir bəhanə tapa bilmərik. Səhvlər üzərində işləməliyik”.
Baqa start heyətdə meydana çıxmış yeni transfer Andrey Popoviçin artıq 3 həftədir komanda ilə birgə məşq etdiyini vurğulayıb: “Əlbəttə, oyun praktikası yox idi. Amma bizim müqaviləli oyunçumuzdur və tamhüquqlu üzvümüzdür. İndi hazırlıq səviyyəsi barədə danışa bilmərik. Ailəsi Ukraynadadır. Daim ailəsi ilə əlaqədədir. O, bəzi epizodlarda bizi xilas etdi, bəzilərində isə inamsız oynadı. Amma ümumilikdə 100 faiz hazırlıqlı olduğunu deyə bilmərik”.
Belaruslu mütəxəssis yanlış vaxtda yanlış komandaya gəldiyinə dair fikirlərlə razılaşmayıb: “Bura yanvarın 5-də gəlmişəm. Heç nədən şikayətlənmirəm. Bu, bizim peşəmizdir. Peşmanlığım yoxdur. Komanda ilə çətin anlar yaşayırıq. İş prosesi zamanı yeni fikirlər ortaya çıxır. Düzgün yerə gəlmədiyimi desəm, bu, futbolçularımız üçün də yaxşı olmazdı”.
Bizi Facebook-da izləyin