Fərid Qayıbov federasiya rəsmiləri və millinin məşqçiləri ilə görüşdü
Yanvarın 8-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə olimpiya idman növləri üzrə federasiyaların rəhbər şəxsləri və milli komanda məşqçilərinin ümumi yığıncağı keçirilib.
Komanda.az xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov yığıncağın gündəliyinə əsasən, federasiya rəsmiləri və mütəxəssislərin qaldırdıqları problemləri və təkliflərini dinləyib, onların qarşıdakı iş planları, proqramları ilə maraqlanıb.
Tədbirdə Tokio 2020-yə hazırlıq prosesinin və nəticələrin təhlili; Paris 2024 Yay Olimpiya Oyunlarına hazırlıq planları; federasiyaların strateji inkişaf planının hazırlanması; İstiqamətlər üzrə inkişaf proqramlarının hazırlanması; idman növləri üzrə milli komandaların hazırlığı və yarışlarda iştirakı; maddi-texniki bazadan səmərəli istifadə; federasiyaların beynəlxalq əlaqələri, maliyyə, marketinq fəaliyyəti, sponsorların cəlb olunması; federasiyalarda mətbuat xidməti işinin təkmilləşdirilməsi; federasiyaların akkreditasiyası və digər məsələlər müzakirə edilib.
Tədbirin sonunda Fərid Qayıbov səslənən təkliflərin ümumiləşdirilərək müzakirə ediləcəyini və federasiyaların iştirakı ilə belə görüşlərin mütəmadi olaraq təşkil ediləcəyini bildirib.
Bizi Facebook-da izləyin