“Səfərə ən yaxşı oyunlarımızdan birini göstərməyə gedirik”
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 5:1 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Futbolçularımızı vacib qələbə münasibətilə təbrik edirəm. Hesab bizi aldatmasın. Həqiqətən də ciddi qəqibə qarşı oynayırdıq. Matça düzgün hazırlaşmışdıq. Fiziki baxımdan futbolçularda yorğunluq var idi. Çox layiqli qələbə qazandıq. İbrahima Vadjini oyunun gedişatına görə meydana buraxdıq. Rəqibdə qapanma olsaydı, Musa Qurbanlını bəlkə də meydana buraxardım.
Çempionluğun yarısının təmin olunduğunu əsla düşünmürəm. Komadamda da belə düşüncə yoxdur. Qarşıdakı matçlara daha ciddi hazırlaşmalıyıq”.
Qurbanov yenicə sıradan çıxan Kevin Medinanın zədəsindən də danışıb:
“Dünən məşqin sonunda ağrı hiss etdi. Bu gün 2 dəfə MRT müayinəsindən keçdi. Həkimlərin sözlərinə görə, zədə ciddi deyil. Bu, bizə ümid verdi. Əzələsində cuzi qanaxma vardı. İki gündən sonra bizə tam dəqiq cavab verəcəklər. İsveçrədə “Bazel”lə matçda oynamaq şansı 50/50-dir”.
Ağdam klubunun çalışdırıcısı “Bazel”lə oyunda hakim səhvlərinin qurbanı olmaq ehtimalından da söz açıb:
“Hakimliklə bağlı başımıza çox iş gəlib. Kimə deyirsən, “hakim də insandır, o da səhv edə bilər” deyir. Hakimliyi hazırda fikirləşirik. Elə oyunlar olub ki, hakim səhvlərinə rəğmən qalib gəlmişik. Amma hakimlik ciddi amildir. Bir səhvlə bütün əziyyəti yerə vura bilərsən. Çox olub ki, “görəsən, bilə-bilə ediblər” deyə fikirləşmişik. Bizim də lehimizə səhvlər olub. Amma “Bazel” kimi rəqiblərlə oyunlarda hakimlik vacib amildir. Səfərə ən yaxşı oyunlarımızdan birini göstərməyə, rəqibdən çəkinmədən çıxış etməyə gedirik. Elə çıxmasın ki, biz növbəti mərhələni təmin etmişik, ona görə arxayın oynayacağıq”.
Bizi Facebook-da izləyin