Elmar Baxşıyev: “Daha yaxşı olacağımıza inanıram”
“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Fasilədən sonra oynadığımız üçün çətin olacağını bilirdik. Heyətimizdə bizimlə məşq etməyən futbolçular var idi. “Zirə” liderlər sırasında qərarlaşıb və iddiasını çempionat ərzində nümayiş etdirir. Komandanı çətin və ağır oyuna hazırlamışdıq. Sevindiricidir ki, komanda plan üzrə meydançada hər tapşırığı yerinə yetirməyə çalışırdı. İlk hissədə oyunun alınmamasının səbəbi kimi rəqibi də qeyd etmək lazımdır. “Zirə” təzyiq göstərir, müdafiədən rahat çıxmağımıza imkan vermirdi. Ümumi götürəndə ilk yarıda da komandanın oyunundan razı idim, futbolçular oyun intizamı qoruyurdular. İkinci hissədə əvəzetmələr oyuna dəyişiklik gətirdi və tam üstünlüyümüzlə keçdi.
Nə mən, nə komanda turnir cədvəlinə baxmırıq, sadəcə qarşıdakı oyunu düşünürük. Mövsüm uzundur. Hələ komanda kimi daha yaxşı ola bilərik. Bunun üçün potensial var. Fernan Lopes də rəng qata biləcək oyunçudur. Daha yaxşı olacağımıza inanıram.
Oyunun sonunda yaşananları emosiyalarla bağlayıram. Əlbəttə, futbolçular meydanda özlərinə nəzarəti saxlamağı bacarmalıdırlar. Amma oyunun ajiotajı belə insidentlərə gətirib çıxarır. Futbolda olan hadisədir”.
Bizi Facebook-da izləyin