Cavid İmamverdiyev: “Kəpəz”in tarixinə düşmək istəyirəm”
“Mən inanmıram ki, “Qarabağ-2” ilə oyunda biz bütün gücümüzü göstərdik. Məncə, nəyə qadir olduğumuzun 30-40 faizini sərgilədik. Bundan da daha yaxşı oyun, nəticə göstərə bilərik”.
Komanda.az xəbər verir ki, “Kəpəz”in futbolçusu Cavid İmamverdiyev klubun mətbuat xidmətinə açıqlamasında belə deyib. O, komandanın qarşıya qoyulan hədəfə çatmaq üçün gücə sahib olduğunu bildirib:
“Yaxşı kollektivimiz, baş məşqçimiz var. Sadəcə, oyun alınmayanda, alınmır. Həm də yeni komandayıq, tam formalaşmamışıq. Bunu da nəzərə almaq lazımdır. Əksəriyyət futbolçular ilk mövsümdür ki, biz yerdə oynayırlar. Bir-birimizi daha yaxşı başa düşmək üçün vaxt lazımdır. İstək, həvəs var. “Qarabağ-2” ilə görüşün də ikinci hissəsində yəqin hamı komandanın necə mübarizə apardığını gördü”.
Ağdam təmsilçisinə qarşı 3-cü turun görüşündə 4:2 hesabı ilə qazanılan qələbədə Cavid də pay sahiblərindən biri olub. Hesabın 2:2 olduğu vaxtda məhz onun vurduğu qol “Kəpəz”i hesabda irəli keçib. İmamverdiyev zamanla daha yaxşı formada olacağını əlavə edib:
“Mən mövsümün əvvəlində də bura elə-belə gəlmədyimi bildirmişdim. Yenə deyirəm, “Kəpəz”in tarixinə düşmək istəyirəm. Divizionda qalib olub komandamla birlikdə Premyer Liqada mübarizə aparmaq arzumdur. “Kəpəz” adına uğur qazanmaq, əvvəlki Cavidi xatırlatmaq istəyirəm. Buna da nail olaram”.
Futbolçu ilk turda zədələndiyindən növbəti görüşdə meydana çıxa bilməmişdi. Sonuncu oyunda isə ikinci hissədə əvəzetmədən meydana daxil olub:
“Azarkeşlərin məni meydana səsləməyi çox xoşuma gəldi. “Kəpəz” azarkeşləri futbolu başa düşən, futbolla yaşayan azarkeşlərdir. Mənə və komandaya verdikləri dəstəyə görə onlara təşəkkür edirəm. İnşallah, onlar üçün çempion olacağıq. Nəticədən asılı olmayaraq tərəfdarlarımızdan hər zaman dəstək gözləyirik. Fanatların dəstəyi gücümüzü artırır, bizi qələbələrə ruhlandırır. Həmişə yanımızda olsunlar”.
Bizi Facebook-da izləyin