“Onunla heç bir problemim yoxdur” – Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 5-ci turundan təxirə salınmış oyun çərçivəsində “Səbail”ə qarşı keçirdikləri matçı şərh edib.
Komanda.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 4:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
- Vacib qələbə idi, futbolçularda bir az həyəcan var idi. Qalib gələcəyimiz halda, lider olacaqdıq, buna görə qismən həyəcan ola bilərdi. Rəqib yaxşı təsir bağışladı. “Neftçi” ilə oyunda da yaxşı çıxış etmişdilər. Bu gün də bizə qarşı belə oldu. Futbolçular meydanda nə etdiklərini bilirdilər. Bu səbəbdən oyunun gedişində bunun şahidi olduq.
- Ozobiçin durumu nə yerdədir?
- Ozobiçin müalicəsi gedir. Fevralın 5-nə qədər komandaya qoşulmayacaq. Əzələ zədəsindən ehtiyatlanmaq lazımdır. Həkimlərin müayinəsindən sonra durumu tam bilinəcək.
- Gerye hansı müddətə əvəzedici komandaya göndərilib?
- Sözün düzü, hələ tam qərar verməmişəm. Gecikməsinə görə cəzalanıb. İstəmirəm ki, futbolçuların cəzalanması çox müzakirə olunsun. Özünü necə göstərəcəyi, bu cəzamıza necə yanaşacağından çox şey asılıdır. Mənim oyunçuya ehtiyacım var. Buna baxmayaraq, belə bir addım atmışam. Hər zaman demişəm ki, futbolçu komandasına ciddi yanaşmalıdır. Gerye pis oğlan deyil, ancaq mənfi cəhətləri var. Və bu da onun karyerasına ciddi zərbələr vurub.
- Gerye bu gün açıqlamasında gecikməsiylə bağlı klubu məlumatlandırdığını və cəzanın ədalətsiz olduğunu deyib.
- Bəli, ABŞ-da olanda məlumat vermişdi. Bəlkə də, bu, onun düz dediyi tək şeydir (gülür). Sadəcə, iş orasındadır ki, belə problemlər hər zaman Geryedə olur. Gecikmə 3-5 gün ola bilər, başa düşürəm, ancaq işimizə qarşı məsuliyyətli olmalıyıq. Bir yerə qədər göz yuma bilərəm, lakin çempionat başlayıb, oyunçu yoxdur. Bu, kluba qarşı məsuliyyətsizlikdir. Yeri gəlib Geryeyə kömək etmişəm, yeri gəlib cəzalandırmışam. Bəzi insanlar əllərinə fürsət düşən kimi istifadə edir. Dedikləri düzdür, istəməzdim kimisə cəzalandırım. Ancaq düşünürəm ki, biz buna görə cəzalandırmışıqsa, bu, ədalətsiz deyil. Klubun öz kodeksləri var. İstəməzdim hamı bunu bilsin. 20 min dollar məbləğində cərimələnməyini özü deyib və bu düzdür. Lakin məbləği açıqlaması da düzgün deyil.
- Abdullah Zubirin çox fərdi oynaması sanki komandaya ziyan verir. Bu haqda onunla söhbətiniz olacaqmı?
- Ona bu gün iradım oldu. Bir oyunçunun 90 dəqiqə ərzində oyun intizamını qoruması çox çətindir. Xüsusilə, qapanan komandalara qarşı fərdi oyuna üstünlük vermək olar. Zubirdən razıyam, verdiyim tapşırıqları maksimum yerinə yetirir. Ancaq artıq rəqiblər də onu tanıyır, diqqəti daha çox ona yönəldirlər. Hansısa epizodda ona irad bildirə bilərəm, lakin ondan razıyam.
- Xayme Romeronun oyununu necə qiymətləndirirsiz?
- Zədədən qayıdıb. Hazırlıq prosesimizə də gec qoşuldu. Yavaş-yavaş oyun təcrübəsini bərpa edəcək. Hər şey qaydasındadır, artıq yaxşı səviyyəyə gəlib çıxır. Qarşıdakı oyunlarda da ondan istifadə edəcəyik. Onunla heç bir problemim yoxdur.
- Mahir Emreli bu gün dubl etdi. Onun komandada son ili olduğunu düşünürsüzmü?
- Mayda müqaviləsinin müddəti bitir. Onu istəyən komandalar var. Özü də qərar verdi ki, mövsümün sonuna qədər komandada qalsın. Hazırda bütün fikrimizi oyunlara yönəltmişik. Bizim futbolçularımız yaxşı çempionatlarda, klublarda olsa, buna sevinərik. Lakin bizdən aşağı səviyyədə olan klublara getsələr, bizim üçün xoş olmaz. Mahirə sadəcə uğurlar arzulayırıq. Onun da komandada qalmasını istərdik, lakin hər şey qarşılıqı razılaşma əsasında olur.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin