Azərbaycanın 2 boksçusu AÇ-nin 1/8 finalında

Rusiyanın Vladiqafqaz şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatına start verilib.

Komanda.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.

Təmsilçilərimizdən 64 kq çəki dərəcəsində qüvvəsini sınayan Bəxtiyar Qazıbəyov xorvatiyalı Erik Piyetranjla üz-üzə gəlib. Gərgin keçən görüş həmyerlimizin 3:2 (29:28, 30:27, 28:29, 29:28, 27:30) hesablı qələbəsi ilə yekunlaşıb. O, martın 10-da 1/8 final çərçivəsində ispaniyalı Adrian Kreusla gücünü yoxlayacaq.

Qazıbəyovdan fərqli, Aliyə Vəlizadənin (60 kq) debütü uğurlu alınmayıb. Fransalı Fatya Benmessahellə qarşılaşan boksçumuz məğlubiyyətə üzülüb.

Yarışın ikinci günündə Azərbaycan millisinin daha 2 üzvü mübarizəyə qoşulub. Nicat Həsənov (69 kq) Saymonas Banislə (Litva) üz-üzə gəlib. Gərgin keçən döyüş rəqibin qələbəsi ilə başa çatıb – 3:2 (28:29, 29:28, 29:28, 27:30, 30:27).

75 kq çəki dərəcəsində rinqə çıxan Amin Kuşkov isə eyni hesabla qalib gəlib. O, belçikalı Proton de la Şappel Lakelonu 3:2 (28:29, 30:27, 28:29, 30:27, 29:28) hesabı ilə məğlub edib. Boksçumuz 1/8 finalda rusiyalı Aleksey Semikinlə döyüşəcək. Qarşılaşma martın 11-nə təsadüf edəcək.

Qeyd edək ki, martın 10-da millimizin 3 üzvü rinqə çıxacaq. Ruslan Rüstəmov (60 kq) israilli Bişar Sabbarla, Bəxtiyar Qazıbəyov (64 kq) ispaniyalı Adrian Kreusla və Cəbrayıl Yelekov (81 kq) moldovalı Dmitri Koskyuqla gücünü yoxlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button