“Özümü hazır saxlayıram, uyğun layihə olarsa, dərhal işə başlamağa hazıram” – MÜSAHİBƏ

“Karvan-Yevlax”ın keçmiş baş məşqçisi Azər Həşimov Komanda.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

– Azər bəy, futbolsuz günləriniz necə keçir?

– Futbolsuz qalmaq mənim üçün çətindir, çünki bu iş həm peşəm, həm də həyat tərzimdir. Amma bu dövrü boş keçirmirəm, oyunlara baxıram, təhlillər edirəm, öz üzərimdə işləyirəm ki, daha güclü şəkildə qayıdım.

– “Karvan-Yevlax”dan ayrıldıqdan sonra bu dövrü özünüz üçün necə qiymətləndirirsiz? Hansı nəticələri çıxardız?

– Hər bir təcrübə məşqçi üçün dərsdir. Bu müddətdə həm müsbət, həm də çətin tərəfləri təhlil etdim. Daha səbirli olmağın və düzgün planlamanın vacibliyini gördüm.

– “Karvan-Yevlax”ın Premyer Liqanı tərk edəcəyi demək olar ki, dəqiqləşib. Azarkeşlər hazırkı baş məşqçi Füzuli Məmmədovdan narazıdırlar. Sizcə, siz hələ də komandanın baş məşqçisi olsaydız, nələrisə dəyişə bilərdizmi?

– Bu tip suallar çətindir. Amma düşünürəm ki, bəzi məqamlarda fərqli qərarlar vermək olardı. Futbolda detallar çox şeyi həll edir.

– Yeni mövsüm üçün konkret planlarınız nələrdir? Yenidən baş məşqçi kimi qayıtmaq fikriniz var?

– Məqsədim yenidən meydanda olmaqdır. Özümü hazır saxlayıram və uyğun layihə olarsa, dərhal işə başlamağa hazıram.

– Azərbaycan Premyer Liqasının cari mövsümünü ümumi olaraq necə dəyərləndirirsiz? Sizi təəccübləndirən hansısa məqam oldu?

– Mövsüm ümumilikdə maraqlı və rəqabətli keçdi. Bu da liqanın inkişaf etdiyini göstərir.

– “Sabah”ın çempionluğu nə dərəcədə gözlənilən idi?

– “Sabah” son illərdə ciddi layihə qurub. Ona görə, çempionluq tam sürpriz deyil.

– Sizcə, “Sabah” bu heyətlə Avropada – xüsusilə, UEFA Çempionlar Liqasında nə qədər irəli gedə bilər?

– Avropada uğur üçün təcrübə və psixologiya vacibdir. Düzgün hazırlıqla mərhələ keçmək mümkündür.

– Azərbaycan kubokunun finalında hansı komandanı (“Zirə” və “Sabah”) daha şanslı görürsüz və səbəbi?

– Final oyunları fərqli olur. Daha səhvsiz oynayan tərəf qalib gələcək.

Hazırda sizə heç bir təklif yoxdur? Məsələn, “İmişli”. Bölgə təmsilçisinin yayda baş məşqçisi Jorj Kaşkilya ilə yollarını ayıracağı halda, “sükan”ı yenidən əcnəbi mütəxəssisə tapşıracağı deyilir.

– Müxtəlif söhbətlər var, amma konkret rəsmi təklif yoxdur. Mən düzgün layihəyə hər zaman açığam.

– Ümumiyyətlə, bölgə klublarında tez-tez məşqçi dəyişiklikləri baş verir. Sizcə, problem nədədir?

– Əsas problem sabitliyin olmamasıdır. Məşqçiyə zaman verilməlidir, tez-tez dəyişiklik inkişafı ləngidir.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button