
“Real”ın baş məşqçi postu üçün əsas favorit odur – Bukmekerlərə görə
Bukmeker kontorları hesab edirlər ki, “Çelsi”nin sabiq çalışdırıcısı Enzo Mareska “Real”ın növbəti baş məşqçisi ola bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, kontorların reytinqinə görə, italiyalı mütəxəssis “Real”ın baş məşqçi postu üçün favoritdir və onun göstərici əmsalı 3.00 təşkil edir. 3-lükdə həmçinin, Yurgen Klopp (5.00) və Zinəddin Zidan (7.00) da yer alır.
Mareska bu ayın ilk günündə “Çelsi”nin baş məşqçi postundan ayrılıb və hazırda yeni işə başlaması gözlənilir.
Madrid klubu yanvarın 12-də Xabi Alonsonun baş məşqçi postundan tərəflərin qarşılıqlı razılığı ilə ayrıldığını açıqlayıb. Bu, komandanın İspaniya superkubokunun finalında “Barselona”ya 2:3 hesablı məğlubiyyətindən sonra reallaşıb.
İspaniyalı mütəxəssis “Real”da yarım ildən bir az çox çalışıb. Onun rəhbərlik etdiyi komanda bu müddətdə 34 rəsmi oyunda 24 qələbə qazanıb, 6 dəfə məğlub olub və 4 heç-heçə edib. Alonsonun istefasından sonra komandanın müvəqqəti yeni baş məşqçisi Alvaro Arbeloa təyin olunub.
Bizi Facebook-da izləyin



