“Biz 2001-də çempionatsızlıq dönəmi görmüş nəsilik, koronavirus bu nəsli yıxa bilməz” SORĞU

Koronavirus səbəbiylə Azərbaycanda futbol üzrə turnirlərdə mövsümün vaxtından əvvəl tamamlanması barədə qərar verildikdən sonra ölkə faktiki olaraq futbolsuz, ümumiyyətlə, idmansız qaldı. Normal şərtlərdə belə, durğunluq hiss edilən idman sahəsi indi dərin səssizliyə qərq olub.

Bəs bu vəziyyət idman jurnalistlərinin fəaliyyətinə necə təsir göstərir? İdmansız qalan ölkənin idman jurnalistləri nə edir? Onların gələcəklə bağlı ümidləri, planları nədir?

Bu suallarla qəzet, sayt rəhbərlərinə müraciət etdik. Onlardan aldığımız cavablar fərqli oldu:

İlkin Vaqifoğlu (“Sportinfo.az”):
“Hazırkı məqamda gələcəyə dair hansısa ciddi plan qurmaq mümkün deyil. Belə demək mümkünsə, bu dəqiqə dünyanı koronavirus pandemiyası idarə edir. Xəstəlik son iki həftədə artıb və daha da geniş yayılmağa başlayıb. Bu, hədsiz narahatlıqverici haldır. Ona görə də, nəinki 3-4 gün, yaxud bir həftə, heç sabah üçün ciddi nə isə fikirləşmək olmur.

Bəli, əlbəttə, pandemiya saytımızın fəaliyyətinə təsir göstərib. “Sportinfo.az”-da 7 əməkdaş çalışır, lakin yaranmış vəziyyətə görə ofis şəraitində işləyə bilmirik. Martın 19-dan bəri belə bir problemimiz var. İdman üzünə həsrət qalan ölkənin bu sahədəki fəaliyyətində durğunluq hökm sürür. Dörd aya yaxındır ki, vəziyyət bu cürdür. Və yəqin ki, hələ bir müddət, bəlkə də 2-3 ay belə davam edəcək. Kollektiv bir yerdə işləməyəndə saytı idarə etmək çox çətindir. Bizimlə bərabər olan bütün dəyərli həmkarlarıma minnətdarlığımı bildirirəm ki, mövcud çətinliklərə baxmayaraq, maraqlı mövzular üzərində işləyir, onu oxuculara çatdırırlar. Əminəm ki, auditoriya da bizi başa düşür. Axı bu pandemiya bütün cəmiyyətin bəlasına çevrilib, hər addımda bir problem yaradıb. Bununla belə, çalışırıq ki, onları informasiya, müsahibə və tanınan imzaların yazılarıyla təmin edək. Düzdür, bəzən görürəm, “Neftçi” azarkeşləri bizdən inciyir ki, niyə onların sevimli komandası haqda az informasiya paylaşırıq. İstəyirlər ki, hər gün “Neftçi”dən 5-6 informasiya yazaq. Təəssüf ki, “Neftçi”dən xəbər əldə etmək müşkül məsələdir, çox qapalı klubdur və biz buna görə ordan informasiya almaqda hədsiz çətinlik çəkirik. Yalnız ona ümid edirəm ki, iyulun 5-dən sonra ölkənin idman həyatında nisbətən canlanma yaranar və biz də təkcə “Neftçi”dən, digər futbol klublarından deyil, ümumən Azərbaycan idmanından xoş xəbərlərlə oxucularıı sevindirərik”.

Mahir Rüstəmli (“Futbol+”):
“Yenə də o fikirdəyəm ki, dayanma qərarı tələsik oldu, manevr etmək, müxtəlif variantlara əl atmaq baxımından vaxt çox idi. Sadəcə, qərarsonrası duruma baxanda adama elə gəlir ki, az qala hamı, xüsusən də, futbola rəhbərlik edənlər və klublar məmnundur. İdman jurnalistlərinə gəlincə… Təbii ki, idman, futbol dinamikanı sevir, biz də belə statik mövzuları işləmək əvəzinə yaşıl meydanlarda yaşananların salnaməçisi olmağı seçərdik. Onsuz da bu ölkədə futbola maraq az idi, koronavirus araya girib, olan-qalanı da korladı.

Əlbəttə, belə durumun işimizə müəyyən təsiri var. Ortada yarış, mübarizə yoxdusa, oxucu marağının azalması da təbiidir. Amma yaşım və indiyə qədər gördüyüm bundan da çətin durumlar ümidsiz olmağa imkan vermir. Ümumiyyətlə, sağlam olan, yaşayan, ölkəsi, xalqı ilə bağlı hansısa ümidləri qəlbində bəsləyən istənilən adamın əlini hər şeydən üzməsini, ümidsizliyə qapılmasını təsəvvür etmirəm. Güman edirəm ki, elə bu yayın axırında, payızda ölkə klubları, əsas yığma futbolsevərləri sevindirməyə macal tapacaq”.

Ceyhun Əliyev (“Sport24.az”):
“Bu müddət kəsiyində saytımız futbolçular və veteranlar arasında iki böyük intellektual yarışma keçirdi. Zənnimcə, hər iki layihə uğurlu alındı. Təəssüf ki, ölkədə təhsil elə səviyyəyə endirilib ki, ortastatistik azərbaycanlı futbolsevərə Ronaldonun xanımının hamiləliyin neçənci ayında olması daha maraqlı gəlir, nəinki intellekt mübarizəsi.

Material sarıdan dəhşətli korluq çəkmədik. Çempionatın dayandırılması haqda rəsmi qərardan sonra isə saytın oxunma sayı artıb. Oxuculara transfer xəbərləri daha maraqlı gəlir, nəinki çempionat qarşılaşması. Əlbəttə, şayiə yaymaq, şərləmə yolu ilə daha böyük auditoriya toplamaq olar. Amma bizim prioritetlər fərqlidir.

Bütün qeyd etdiklərimə rəğmən, sözsüz ki, futbolsuzluq dönəmində məhsul istehsal etmək çətindir. Fikrimcə, məhz belə məqamlarda peşəkarlıq, jurnalist istedadı daha qabarıq formada ortaya çıxır. Biz 2001-də çempionatsızlıq dönəmi görmüş nəsilik, koronavirus bu nəsli yıxa bilməz”.

Saleh Arslan (“Korner.az”):
“Əlbəttə, bu şəraitdə işləmək çətindir. Ancaq onu da yaxşı bilirik ki, pandemiya ümumi bəladır və onu dəf etməyənə qədər insanlar idman xəbərlərinə bir o qədər də meyl etməyəcəklər. İndi  cəmiyyətin böyük hissəsini idman xəbərləri yox, Operativ Qərargahın məlumatları, direktivləri maraqlandırır. Gələcəklə bağlı planlarımız? Sağ qalmaq və postpandemiya dövrünü görmək. Hər şey elə bundan başlamır?”

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button