Diqqət, bu, adi qarşılaşma deyil! – Yaradıcılıq balanslı oyuna qarşı

Cari mövsümün ən vacib oyunlarından olan Azərbaycan kubokunun finalında “Zirə” “Sabah”la üz-üzə gələcək. Hər iki komanda turnir boyunca inamlı çıxış edərək, finala yüksəlib və indi mövsümün əsas kuboku uğrunda həlledici matça çıxacaq. Qarşılaşma həm taktiki, həm də psixoloji baxımdan çox böyük maraq doğurur. Bundan başqa, bu qarşılaşma “Sabah” üçün sadəcə, növbəti tutul baxımından əhəmiyyətlidirsə, “Zirə” kuboka həm də, avrokuboklara vəsiqə gözü ilə də baxır. “Neftçi” Premyer Liqanın turnir cədvəlində artıq Rəşad Sadıqovun komandasını üç xal geridə qoyur. Bu isə o deməkdir ki, “qartallar” Avropa Liqasına vəsiqə əldə etmək üçün kuboku qazanmağa “Sabah”dan daha çox məhkumdur.

Mövsümün ümumi mənzərəsi

“Sabah” son illərdə Azərbaycan futbolunda sabit layihə kimi formalaşıb. Komanda xüsusilə, hücum xəttində kreativ oyun sərgiləməyə çalışır, topa nəzarət və sürətli, kombinasiyalı futbolu ilə seçilir. “Bayquşlar” mövsümboyu bir çox matçda dominant oyun göstərib, ancaq bəzən diqqətsizliklər vacib xalların itirilməsi ilə nəticələnib.

“Zirə” isə daha balanslı və intizamlı oyun üslubu ilə diqqət çəkir. Komanda müdafiə sabitliyi və əks-hücumlarda effektivliyi ilə fərqlənir. “Qartallar” mövsüm ərzində bir çox güclü rəqiblə bərabər səviyyədə mübarizə aparıb və nəticə qazanmağı bacarıb. Onların oyunu çox vaxt planlı və riskdən uzaq futbol üzərində qurulur.

Cari mövsümdəki qarşılaşmalar

Tərəflər cari mövsümdə üç dəfə üz-üzə gəlib. İki qarşılaşmada “Sabah” üstün olub, birində isə bərabərlik qeydə alınıb. Bu baxımdan üstünlük Masazır təmsilçisindədir. Litvalı baş məşqçi Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda cari mövsümdə sərgilədiyi uğurlu ssenari ilə kuboku da qazansa, təəccüblü olmayacaq.

Finala aparan yol

Hər iki komanda kubok yolunda çətin rəqibləri mübarizədən kənarlaşdıraraq, finala gəlib. “Sabah” daha çox hücum gücünə söykənərək, yüksək templi oyunlarla irəliləyib. “Zirə” isə daha çox taktiki sabitlik və oyunu idarə etmə bacarığı ilə seçilib. Bu baxımdan, finalda iki fərqli futbol fəlsəfəsinin qarşılaşacağını demək olar: biri topa nəzarət və hücum, digəri isə intizam və müdafiə balansı.

Kim daha şanslıdır?

Kağız üzərində “Sabah”ın hücum potensialı bir qədər üstün görünə bilər. Komandanın yarımmüdafiə xətti kreativdir və hücumçular fərdi epizodları həll edə bilirlər. Ancaq bu üstünlük sabitliklə dəstəklənməlidir.

“Zirə” isə final oyunlarının təcrübəsinə daha çox sahib olan komandadır. Onların oyun planı böyük matçlarda daha effektiv işləyir. Komanda riskləri minimuma endirərək, rəqibin səhvlərindən istifadə etməyi bacarır.

Mövqelər üzrə müqayisə

Qapı xəttində hər iki komanda sabit performans göstərir. Müdafiədə “Zirə” bir qədər daha təşkilatlanmış görünür, xüsusilə, mərkəz müdafiə xətti ilə. “Sabah” isə müdafiədən hücuma çıxışlarda daha sürətlidir, ancaq bəzən arxada boşluqlar verir. Yarımmüdafiədə “Sabah”ın üstünlüyü daha çox texniki keyfiyyət və yaradıcılıqdadır. “Zirə” isə fiziki güc və taktiki intizamla bu boşluğu bağlamağa çalışır. Hücum xəttində isə hər iki komandanın fərqli “silahlar”ı var: “Sabah” daha çox kombinasiyalı oyunla, “Zirə” isə sürətli əks-hücumlarla təhlükə yaradır.

“Zirə”nin final təcrübəsi

“Zirə” indiyədək Azərbaycan kubokunun finalında iki dəfə çıxış edib və hər ikisində “Qarabağ”a məğlub olub. Bu fakt komanda üçün həm motivasiya, həm də psixoloji yük yaradır. Onlar bu dəfə üçüncü şansı qələbəyə çevirmək istəyir və tarix yazmaq niyyətindədir. “Sabah” isə ötən mövsüm ilk dəfə çıxdığı finalda “Qarabağ” üzərində qələbə qazandı və tarixində ilk dəfə ölkə kubokuna yiyələndi. Onlar artıq cari mövsümdə daha bir ilkə imza ataraq, vaxtından əvvəl ölkə çempionluğuna yiyələniblər. Qalır daha bir ilk: Azərbaycan kubokunu da qazanıb, “qızıl dubl”a imza atmaq.

Nəticə

Final oyunu açıq və gərgin mübarizə vəd edir. “Sabah” daha çox hücum potensialı ilə üstün görünürsə, “Zirə” təcrübə və taktiki intizamla buna cavab verə bilər. Oyun bir epizod, bir səhv və ya bir fərdi keyfiyyətlə həll oluna bilər. Hər iki komanda üçün bu final təkcə kubok deyil, həm də klub tarixində yeni səhifə açmaq imkanıdır. Kim qalib gələcək, bunu meydandakı 90 dəqiqə göstərəcək.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button