
“Yuventus” gürcü qapıçını icarəyə götürmək istəyir
“Yuventus” “Liverpul”un qapıçısı Giorgi Mamardaşvilini heyətinə qatmaq variantını nəzərdən keçirir.
Turin təmsilçisi daha əvvəl “Liverpul”un əsas qolkiperlərindən biri olan Alisson Bekkeri transfer etməyə çalışsa da, İngiltərə klubu braziliyalı oyunçunu buraxmaq istəməyib. “Yuventus” bundan sonra diqqətini gürcüstanlı qolkiperə yönəldib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, turinlilər Mamardaşvilini icarəyə götürmək imkanını araşdırır. Bildirilir ki, 25 yaşlı qapıçı müntəzəm oyun praktikası əldə etmək niyyətindədir və bu səbəbdən, İtaliyaya köçmək variantına müsbət yanaşa bilər.
Son günlərdə Mamardaşvilinin xidməti A Seriyasının üç klubuna – “Yuventus”, “İnter” və “Fiorentina”ya təklif olunub.
Gürcüstan millisinin üzvünün gələcək karyerası ilə bağlı qərarın yaxın həftələrdə veriləcəyi gözlənilir. Onun əsas məqsədinin daim meydanda olmaq və çıxışını yüksək səviyyədə davam etdirmək olduğu vurğulanır.
Bizi Facebook-da izləyin



