“Yuventus” braziliyalı qapıçı üçün ilk təklifi göndərib

“Yuventus” “Liverpul”un qapıçısı Alisson Bekkeri transfer etmək üçün danışıqlara başlayıb.

Komanda.az “Tuttosport”-a istinadən xəbər verir ki, Turin təmsilçisi braziliyalı qolkiper üçün qarşı tərəfə 5 milyon avroluq ilk təklifini göndərib. “Liverpul” isə 33 yaşlı futbolçunu təxminən 20 milyon avro dəyərində qiymətləndirir. Buna baxmayaraq, “Yuventus” rəhbərliyi danışıqlar zamanı məbləği aşağı salacağına inanır.

Alissonun özü də yenidən A Seriyasında çıxış etməkdə maraqlıdır. Turin klubu “Roma”nın sabiq qapıçısına illik 4,5 milyon avro maaşla müddəti 3 il olan müqavilə təklif etməyə hazırlaşır. “Yuventus” onu yeni layihənin ilk böyük transferi kimi görür.

Digər tərəfdən, “Liverpul”un baş məşqçisi Arne Slot Alissonun ayrılmasının komandanın paltardəyişmə otağındakı atmosferə mənfi təsir edə biləcəyindən narahatdır.

Alissonun gələcəyi ilə bağlı qeyri-müəyyənliyi artıran məqamlardan biri də Georgi Mamardaşvili ilə bağlı xəbərlərdir. Bildirilir ki, “Liverpul”un ötən yay Alissona alternativ kimi transfer etdiyi gürcü qolkiper A Seriyasının bir neçə klubuna icarəyə təklif olunub.

Alissonun transferi baş tutmasa, “Yuventus” alternativ variantlara yönələcək. Turin klubunun siyahısında hazırda “Fiorentina”nın qapısını qoruyan ispaniyalı David de Xea da yer alır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button