Utancaq “Balaca sehrbaz” Yazı+Fotolar

Onun “Barselona”ya keçidi bu klubun azarkeşlərini çox xoşbəxt etmişdi. Kataloniya klubunun azarkeşləri, Andres İnyestanın gedişindən sonra onun mövqeyində oynaya biləcək bəlkə də, ən yaxşı futbolçunu gördülər komandalarında. Filippe Koutinyo – “Liverpul”dan “Barsa”ya keçməklə mersisaydlı fanatları üzüb, kataloniyalı azarkeşləri sevindirən “Balaca sehrbaz”. Biz də sizə elə onun haqqında danışacağıq.

Andres İnyesta yerini Koutinyoya verir…

Filippe Koutinyo 1992-ci ilin iyunun 12-də Rio de Janeyroda, az büdcəli bir ailədə dünyaya gəlib. O, utancaq uşaq olması ilə diqqətləri çəkib hər zaman. Onun futbola səyahəti elə yaşadığı yerdə başlayır. Böyüdüyü ev “Marakana” stadionuna yaxın ərazidə yerləşirdi. Filippe tez-tez futbol oynayan uşaqları izləyər, amma onlara qoşulmazdı. Qardaşları Kristiano və Leonardo digər uşaqlara futbol dərsi keçirdi. Koutinyo da, “hər zaman futbolun içində idim və təbii ki, mən də onlar kimi olmaq istəyirdim” deyərək, istedadını göstərməyə başlayır. Amma o, birlikdə oynadığı uşaqlardan daha yaxşı olacağını, 6 yaşından etibarən oynadığı beton yerin onu yaşıl meydanlara aparacağını bilmirdi…

Onun 6 yaşı olanda, istedadı ətrafdakı insanlar tərəfindən görülməyə başlayır. Atası Jose Karlos onun istedadının boşa getməsini istəmirdi. Buna görə də, heç tərəddüd etmədən Koutinyonun adını yaxınlıqdakı istedadlı gənclərin qatıldığı idman məktəbinə yazdırdı. O, burda yaşıdlarından daha uğurlu oldu. Bir neçə ay sonra “Vasko da Qama” klubunun məşqçiləri Koutinyonun iştirak etdiyi bir turnirdə atasına yaxınlaşaraq, onu akademiyaya yazdırması üçün təkid edirlər. O anları Koutinyo belə xatırlayır:

“Onlar mənim atama istedadlı olduğumu və akademiyaya gedərək, bu istedadı inkişaf etdirə biləcəyimi dedilər. Həmin an mən ağladım, oynamaq istəmirdim, çünki utanırdım. Akademiyaya ilk dəfə yaxınlaşanda, digər uşaqların məşq etdiyini gördüm. Yeni gəldiyim üçün özümü narahat hiss edirdim. Amma qısa müddət sonra artıq yaxşı idim. Oynamağa başlayanda, utanmırdım. 14 yaşa qədər olan uşaqlardan ibarət komandaya dəvət olunanda, öz-özümə “bəlkə də, peşəkar ola bilərsən” dedim. Çox istedadlı bir çox futbolçudan seçilirdim. Bu istedadımın bir karyera ola biləcəyini düşünməyə başlamışdım, buna görə də, həmin andan etibarən futbol haqqında daha ciddi düşünməyə qərara aldım”.

Koutinyo atası və anası ilə birlikdə

16 yaşı olarkən, onun düşündükləri gerçək olmağa başlayır. İtaliyanın “İnter” klubu 7,7 milyon qarşılığında “sambaçı”nı heyətinə qatır.

Braziliyalı futbolçuya hələ uşaq olarkən, ləqəb də seçirlər – “Balaca sehrbaz”. Bu ləqəb onu ən yaxşı şəkildə ifadə edən addır. Futbol və öz oyunu haqqında danışan “Balaca sehrbaz”, yaşıdlarından və həmyerlilərindən önə keçməyin çətin olduğunu bildirir:

“Bənzərsiz biri olmaq asan deyil. Tamamilə eyni işi görməyə çalışan milyonlarla uşaqdan irəli keçmək çox çətindir. Braziliyada doğulan uşaqların hamısında oxşar bir hiss var, çünki burda futbol bir zavod kimidir. Əlinizdən gələn hər şeyi etməlisiz, çünki bu “zadov” hər zaman dolu olur. Bu, sadəcə bacarıqdan və ya texnikadan ibarət deyil, çox güclü zehnə malik olmalı və bunu etməyə qərarlı olmalısız. Birlikdə böyüdüyüm uşaqların böyük əksəriyyəti hazırda futbol karyerasına malik deyillər. Bəzən insanlar futbolçu olmağın asan olduğunu düşünürlər. Mənim üçün isə bu, hər zaman davam edən bir işdir”.

Koutinyonun qardaşları

Onun işi çətin olsa da, inanılmaz motivasiyası vardı. Bunu “Liverpul”un şərəfini qoruyarkən etiraf etmişdi. Anasından aldığı məktublar, mesajlar onun üçün əsl motivasiya demək idi. Oyunların birindən əvvəl isə anasının məktubu bütün komanda üzvlərinin yanında – paltardəyişmə otağında oxunur. Filippe bu anları, “Komandadakı hər bir futbolçunun anasıyla danışmışdılar. Baş məşqçi aylar ərzində hər oyundan əvvəl bir məktub oxuyurdu. Nəhayət, növbə mənə çatmışdı. Əvvəl heç nə başa düşmədim, amma sonra anamın adını çəkdi. O, məni sevdiyini, mənimlə qürur duyduğunu və daim yanımda olduğunu deyirdi” sözləri ilə xatırlayır.

Koutinyo və anası

Hər zaman İtaliyadakı günlərinin çətin keçdiyini deyən Koutinyo, tez-tez zədələr aldığını, ilk dəfə evindən və ailəsindən uzaqda olmağın problemini yaşadığını deyir. 2012-ci ildə “Espanyol”a icarəyə verilən futbolçu, İspaniyaya daha yaxşı öyrəşdiyini bildirir. Şübhəsiz ki, onun karyerasının yüksəliş dövrü, zirvəsi “Liverpul”da keçirdiyi günlərdir:

“Burda oynamaq çox fərqli bir hissdir. Azarkeşlərin adımı səsləndirmələrini eşitmək inanılmaz bir şeydir. İlk günlərdə “Enfild Roud”da mənim üçün çalışdıqlarını görmək qəribə idi. Onların hazırladıqları pankart mənim üçün çox xoş sürpriz oldu. Onun üzərində “Bacala sehrbaz” yazdıqları üçün ayrıca təşəkkür edirəm”.

Koutinyo Braziliyanı tərk etdiyi gündən nəhayət, aid olduğu yeri tapmışdı, “Liverpul” onun üçün mükəmməl idi. 2013-2014-cü il mövsümündə “qırmızılar”ın heyətində 37 oyunda iştirak edən “Balaca sehrbaz” həmin mövsüm əsasən etdiyi məhsuldar ötürmələrlə yadda qalır. Buna görə də, azarkeşlər arasında “Assist king” (“Ötürmə kralı”) adını alır. 2015-ci ildə Mersisayd təmsilçisi ilə yeni müqavilə imzalayır Koutinyo. Bu müqavilə onun 2020-ci ilədək “Liverpul”da qalacağı anlamına gəlirdi, amma…

Koutinyonun ailəsi

Tez-tez Neymarla dostluqlarını dilə gətirən Koutinyo, “Liverpul”dan ayrılaraq, “Barselona”ya keçir. Onun Kataloniya klubuna keçməsinin əsas səbəbkarı isə atasıdır. Çılğın “Barselona” azarkeşi olan atası Jose, hər zaman onu bu klubun formasında xəyal edirdi.

Hazırda Koutinyo “Barselona”da bəlkə də, istədiyi karyeranı yaşaya bilmir, bəlkə də, axtardığı və göstərmək istədiyi oyunu hazırda göstərə bilmir. Amma o, “Balaca sehrbaz” adını hələ də daşıyır.

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button