
La Liqanın prezidenti İnfantinonu istefaya səslədi
İspaniya La Liqasının prezidenti Xavyer Tebas FİFA-nın rəhbəri Canni İnfantinonu 2026-cı il dünya çempionatının təşkili ilə bağlı kəskin tənqid edib.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Tebas, FİFA-nın futbolun deyil, yalnız kommersiya maraqlarının arxasınca getdiyini bildirib:
“FİFA hər şeyi öz maraqlarına uyğun təşkil edir, futbolun maraqlarına görə yox. Onlara 27 dəqiqəlik fasilə lazımdırsa, bunu edirlər. Su fasilələri tam bir gülünc durumdur. La Liqada da belə fasilələr olur, amma yalnız hava həqiqətən çox isti olanda. Dallas, Los-Anceles və Atlantadakı stadionlarda isə kondisionerlər işləyirdi. Mən tribunada hətta “sviter” (qalın köynək) geyinməli oldum. Bu, sadəcə reklam fasiləsi idi. Sonra isə Folarin Baloqun (ABŞ millisinin qırmızı vərəqəsi ləğv edilən hücumçusu) hadisəsi baş verdi”.
La Liqa rəhbəri dünya çempionatında iştirakçı komandaların sayının artırılmasının da məntiqsiz olduğunu vurğulayıb:
“Milli komandaların sayının artırılmasının heç bir mənası yoxdur. Futbol sənayesi təkcə dünya çempionatından ibarət deyil. Bəli, bu, ən vacib turnirdir, amma hər şey onun ətrafında fırlana bilməz. Futbolu yaşadan milli çempionatlardır. Onlar cəmi 40 gün davam edən və futbolçuların yalnız kiçik bir hissəsinin iştirak etdiyi turnir naminə on minlərlə iş yeri yaradan futbol sənayesini məhv edirlər”.
Tebas sonda İnfantinonun vəzifəsini tərk etməli olduğunu söyləyib:
“İnfantinonun artıq getməsinin vaxtıdır. Amma onu sistem və federasiyalar dəstəkləyir. Müxalif namizəd yoxdur, çünki heç kim uduzacağını bilə-bilə seçkiyə qatılmaq istəmir. Sistem kökündən çürüyüb. ABŞ-də çox adamın İnfantinodan narazı olduğunu eşitdim. Hamı danışır, amma sonra heç nə etmir. Bilmirəm, hansı daha pisdir – susmaq, yoxsa şərik olmaq. Çünki susanlar futbola necə zərər vurulduğunu çox yaxşı anlayırlar”.
Bizi Facebook-da izləyin


