Şükürov “Kəpəz”dəki ilk qələbəsindən danışdı

“Kəpəz”in baş məşqçisi Adil Şükürov Premyer Liqanın 16-cı turunda səfərdə “Qəbələ”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, Gəncə təmsilçisinin çalışdırıcısı 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

“Yaxşı təşkilatlanmış komandaya qarşı oynadıq. Elmar Baxşıyevin çox yaxşı komandası var. Qələbə qazandığımız üçün çox sevinirəm. Rəhbərlik hər zaman komandanın yanındadır. Bu, çox vacib amildir. Çalışırıq ki, futbolçuları motivasiya edək, oyunlara hazırlayaq. Hazırda etdiklərimiz bizim tam olaraq istədiklərimiz deyil. Qarşıda böyük oyunlar var. Çalışacağıq ki, daha yaxşı olaq. “Qəbələ”ni təhlil etmişdik. Bilirdik ki, ilk dəqiqələrdə ön xəttdə çox aqressiv olurlar. Rəqibin hücumla müdafiəsi arasında böyük məsafə olur. Oyunumuzu da bunun üzərində qurmuşduq. Çalışırdıq ki, bu boşluqdan istifadə edib sürətli hücumlar quraq. Bu gün bunu edə bildik.

Şakir Seyidovu çoxdan tanıyırıq, potensialına bələdik. Həmin mövqedə oynaya bildiyini bilirdik, ona güvənirdik. Şakirin faydalı iş əmsalı həmin mövqedə daha yüksəkdir. Həmişə deyirəm ki, gənclərə şans verməliyik. Elə şans olmalıdır ki, uşaqlar həmin oyunlarda öz potensiallarını göstərə bilsinlər. Bu gün Əli ilə Cavadı meydana buraxdıq. Gəncə futbolunun gələcəyi üçün kimlərisə qazanmağa çalışırıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button