
“Qarabağ”dan çox şey də tələb etmək olmur” – MÜSAHİBƏ
Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev Komanda.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
– Azərbaycan Premyer Liqasının 2-ci dövrəsi barədə nə düşünürsüz?
– Ümimiyyətlə, ikinci dövrə düşünürəm ki, daha maraqlı olacaq. Əvvəl “Qarabağ” və doqquz komanda deyirdiksə, indi bir və on bir komanda deyə bilmərik. Ona görə ki, “Sabah” da yaxınlaşır, “Qarabağ”la mübarizə apara bilər. Nə qədər olacaq, bunu zaman göstərəcək. Çempionatın ikinci dövrəsi hələ qabaqdadır. Üç xallıq sistemdə hər bir şey ola bilər.
Avrokuboklara düşmək uğrunda da komandaların sayı artıb. Əvvəl 4-5 turdan sonra demək olardısa komandalar necə olacaq, amma bu gün artıq bir çox oyunlar keçib, hazırda kimin real olaraq nəyə nail olduğunu demək olmur. Ona görə də, demək olar ki, mübarizə elə əvvəldən başlayır.
– Bu mövsüm Premyer Liqanı tərk etməyə ən real namizəd hansı komandaları görürsüz?
– Premyer Liqanı tərk edə biləcək komandalar bu il çoxdur. Üç komanda var. Onlardan biri çıxacaq, biri isə pley-offda oynayacaq. Görünən odur ki, dediyim kimi, bu, dəyişə, üç xallıq turnir cədvəlində hər şey ola bilər. Ancaq hazırda qış fasiləsindən sonrakı startda görünən odur ki, “Qəbələ”, “Karvan-Yevlax”, “Kəpəz” Premyer Liqada qalmaq uğrunda mübarizə aparacaq. Əlbəttə, indi komandalar güclənməyə çalışacaqlar. Aşağı sıralarda qərarlaşan komandalar hansı mövqelərdə ki, zəiflik var, güclənməlidirlər. Güclənməsələr, belə getsələr, çətin olacaq. O sarıdan, bu üç komandanın Premyer Liqanı tərk etmə ehtimalları daha çoxdur. Digər komandalar – “Şamaxı”, “İmişli” ortabab komandalardır. Onların Premyer Liqanı tərk etməsi inandırıcı deyil. Bayaq dediyim kimi, bilmək olmaz, hətta “Şamaxı”nın, “İmişli”nin də avrokuboklara düşmək şansları var.
– “Sabah”ın cari mövsümdəki çıxışını necə qiymətləndirirsiz və çempionluq şansları barədə nə düşünürsüz?
– Artıq belə deyək, həm Avropa zonası, həm də çempionluq uğrunda – “Sabah”ın iddialı olması… Çempionluğa oynayan komanda artıq bir yox, ikidir. Bu da sevindirici haldır.
– “Qarabağ”ın UEFA Çempionlar Liqasında Frankfurt “Ayntraxt”ı ilə oyunundan gözləntiləriniz nələrdir? Komanda bu qarşılaşmada hansı çətinliklərlə üzləşə bilər?
– Reallıqlar var ki, “Qarabağ”dan çox şey də tələb etmək olmur. Komanda baxımından, maddi-texniki baza baxımından, maliyyə, büdcə baxımından, futbolçuların səviyyəsi baxımından bu gün Avropa klubları bizi qabaqlayırlar. Ancaq “Qarabağ”ın UEFA Çempionlar Liqasında o xalı (7) toplaması, həqiqətən, düşünürəm ki, böyük bir iş görüblər. “Qarabağ”ın hər zaman şansı var.
Mane o ola bilər ki, “Qarabağ” başlanğıcda sürəti gec yığır. O sarıdan “Ayntraxt”la qarşılaşma çətin olacaq. Almaniya çempionatı davam edir. Onların pik nöqtəsində, “Qarabağ” oyunsuz – yoxlama matçlarını saymıram – bu baxımdan komandamız kasad olacaq. Dediyim kimi, onların çempionatı davam edir. Yanvarda hazırlıqlı olacaqlar.
– “Araz-Naxçıvan” da “sükan”ı ukraynalı mütəxəssisə tapşırandan sonra Azərbaycan klublarında əcnəbi məşqçilərin sayı 7-yə çatdı. Bunun fonunda isə bir çox yerli məşqçilər işsizdir. Bununla bağlı fikirləriniz maraqlıdır…
– Bu sualı mənə yox, klub rəhbərlərinə versəz, yaxşı olar. Əlbəttə, bu sevindirici hal deyil. Yerlilərə inanmaq lazımdır. Və hər bir məşqçiyə, həmçinin, komandalarımıza uğurlar arzulayıram.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



