Ruslan Abışov: “Bizim buna nə dərəcədə haqqımız çatır, onu bilmirəm” – Müsahibə

“Sabah” klubunun yeni transferi Ruslan Abışovun Komanda.az saytına müsahibəsi:

  • Ruslan, “Sabah”a keçidin haqda danışardın.
  • “Sabah”a keçidim elə də mürəkkəb olmadı. Klub rəhbərliyi və baş məşqçi Elşad Əhmədovla görüşdük, danışdıq. Klubun hədəfləri və gələcək planları çox maraqlı gəldi. Buna görə də, hazırda “Sabah”ın futbolçusuyam və bundan məmnunam.
  • Başqa klublardan da təklif var idimi və niyə məhz “Sabah”ı seçdin?
  • Digər təkliflər haqda danışmaq məncə, artıq yersizdir. “Sabah”ı seçərkən elə də çox fikirləşmək lazım olmadı. Sadəcə, bu komandanın gələcək uğurlarında pay sahibi olmaq istədim.
  • “Neftçi”nin kapitanı idin. Nə üçün klubdan ayrılmağa qərar verdin?
  • Elə vəziyyət yarandı ki, getməyim qalmağımdan daha çox xeyir verəcəkmiş kimi gəldi. Təki hər şey “Neftçi” üçün yaxşı olsun.
  • “Neftçi” ötən mövsüm çempionluğu son oyunlarda əldən verdi. Bunun başlıca səbəbi nə idi?
  • Çempionluq üçün nə çatışmadığını demək olar ki, hamı gördü. Son oyunlarda itirlən xallar buna əsas səbəb idi.
  • “Neftçi”nin Avropa Liqasındakı şanslarını necə dəyərləndirirsən? Sabiq klubun 2-ci mərhələdə Rusiyanın “Arsenal” klubunu keçə bilərmi?
  • “Neftçi”nin indiki heyəti çox güclüdür. “Arsenal”ı keçmək çətin görünsə də, mümkünsüz deyil.
  • Yeni mövsümdə Azərbaycan Premyer Liqasında hansı komandanın çempionluq şanslarını yüksək görürsən?
  • Həmişəki kimi, “Neftçi” və “Qarabağ” əsas favoritlərdəndir. Məncə, “Neftçi” bu il çempionluğa daha yaxın olacaq.
  • Bəs “Sabah”ın yeni mövsümdə hədəfləri nədir?
  • “Sabah”ın hədəfi çempionatı üst sıralarda başa vurmaqla yanaşı, milli komandaya da futbolçu qazandırmaqdır. Bizim çox gözəl kollektivimiz var və bu mövsüm bizim komandadan uğur gözləməyə dəyər.
  • Səncə, nə üçün azərbaycanlı gənc futbolçular ölkə xaricinə gedə bilmir, gedənlər də orda möhkəmlənə bilmirlər?
  • Gənc futbolçular haqda saatlarla, günlərlə danışmaq olar. Lakin bizim buna nə dərəcədə haqqımız çatır, onu bilmirəm. Çünki əvvəlcə biz özümüz uğurlu legioner həyatı yaşamalıyıq ki, onlara da nəsə deyə bilək. Bu, çox həssas mövzudur.
  • Azərbaycan milli komandasının AÇ-2020-nin seçmə mərhələsindəki Uels və Xorvatiya millisi ilə oyunlarından gözləntilərin nədir? Yenidən milli komandaya dəvət olunmağı gözləyirsənmi?
  • Milliyə dəvəti o zaman gözləyərsən ki, yerli çempionatda həm komandan, həm də özün uğurlu çıxış edəsən. Qarşıda çətin oyunlar var. Nəsə fikir söyləmək asan deyil. Komandamıza dəstək olmaq lazımdır. Yüksək motivasiya sayəsində nə isə qazanmaq mümkün ola bilər.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button