“Sabah”ın Fofanası Bakının gözəlliyinə təəccüblənib – Müsahibə

“Sabah” klubunun hücumçusu Tiemoko Fofananın Komanda.az saytına müsahibəsi:

  • Əvvəlcə Premyer Liqanın son turunun “Qarabağ”la oyunu (0:4) haqda fikirlərini bildirərdin.
  • Bizim üçün ağır məğlubiyyət oldu. Qarşıdakı iki görüşdə bu məğlubiyyəti unutdurmaq üçün əlimizdən gələni edəcəyik.
  • Bu ilin yanvarından Azərbaycanda çıxış edirsən. Ölkə futbolu ilə bağlı təəssüratların necədir?
  • Təəsüratlarım yaxşıdır. Bura qısa müddətdə uyğunlaşdım. Özümü burda yaxşı hiss edirəm. Çempionatın səviyyəsi də yaxşıdır. Demək olar hər oyun gərgin mübarizə şəraitində keçir.
  • Ölkəyə və komandaya uyğunlaşmaqda hansı çətinlikləri yaşadın?
  • Qeyd etdiyim kimi, komandaya, ölkəyə çox tez uyğunlaşdım. Bu baxımdan çətinliyim olmadı.
  • Daha əvvəl Qana, Danimarka və Finlandiyada top qovmusan. Bu üç ölkənin və Azərbaycan futbolunun müqayisəsini edərdin. Səviyyəcə hansı daha üstündür?
  • Azərbaycan çempionatı maraqlı və çətin liqadır. Hər çempionatın özünəməxsusluğu var. Azərbaycan çempionatının da həmçinin. Buna görə, liqaların səviyyəsini müqayisə etmək istəməzdim.
  • “Sabah”a icarə əsasında gəlmişdin. Klubla uzunmüddətli müqavilə imzalamağına əsas səbəb nə idi? Səni Bakıda saxlayan nə oldu?
  • Burda özümü xoşbəxt hiss edirəm. Ona görə, qalmaq təklifini müsbət dəyərləndirmək qərarına gəldim. Fikrimcə, Azərbaycana gəlməklə məqsədlərimə doğru daha bir addım atdım.
  • Premyer Liqada 12 oyuna iki qol vurmusan. Qol vurmaqda sanki çətinlik çəkirsən, son zərbələrin uğursuz olur. Bu, nədən qaynaqlanır?
  • Bəli, bu mövsümdə cəmi iki qol vurmuşam. Hər bir hücumçu daha çox qol vurmaq istəyər. Mən də həmçinin. Lakin əsas, komandana meydanda yardımçı olmaqdır. Qolu kimin vurmasının elə də əhəmiyyəti yoxdur. Mən də meydanda komandama maksimum faydalı olmağa çalışıram.
  • “Sabah”ın bu mövsümkü çıxışını necə qiymətləndirirsən? Səncə, komanda layiq olduğu yerdədirmi?
  • Bizim yaxşı komandamız var. “Qarabağ”la matçı çıxmaq şərtiylə son oyunlarda yaxşı təsir bağışlayırıq. İnanıram ki, qarşıdakı iki oyundan yaxşı nəticə ilə ayrılacaq və çempionatı indiki halda mümkün olan ən yüksək pillədə bitirəcəyik.
  • “Sabah”da sənə ən yaxın olan futbolçu kimdir?
  • “Sabah”a gəldiyim ilk gündən bütün komanda yoldaşlarımla çox yaxşı ünsiyyət qurmuşuq. Düzünə qalsa, hansısa komanda yoldaşımı xüsusi olaraq fərqləndirməkdə çətinlik çəkirəm.
  • Azərbaycana gələndən qarşılaşdığın hansı hadisə səni təəccübləndirib?
  • Mənfi yox, müsbət mənada təəccübləndiklərim olub. Burda gördüyüm bir çox şey gözlədiyimdən daha yaxşıdır. İlk növbədə də şəhərin gözəlliyi.
  • Premyer Liqada ən çox hansı müdafiəçiyə qarşı çətinlik çəkmisən?
  • Azərbaycan çempionatında yaxşı oyunçular çoxdur. Düzü, hansınısa xüsusi fərqləndirmək çox çətindir.

Şahin Cəfərov