“Gözü çıxmış qardaş”dan dərs almayan “Şəfa”

Hər gün özünəməxsus qəribə olayları ilə gündəmə gələn ölkəmiz futbol sahəsində də bu mənada geri qalmır. Azərbaycan Premyer Liqasının 2025/26 mövsümü sona yaxınlaşdıqca artıq yeni mövsümün planları cızılmaqdadır. Premyer Liqanı tərk edəcək və 1-ci Liqadan elitaya qalxacaq komandalar müəyyənləşmək üzrədir. Böyük ölçüdə, əsas liqanı tərk edəcək “Karvan-Yevlax”ı 52 xalla 1-ci Liqaya başçılıq edən “Şəfa” əvəz etməyə namizəddir. Digər komandanın adı isə həllə bəlli deyil və bunu pley-off oyunları müəyyənləşdirəcək. Hadisələri qabaqlamaq düzgün olmasa da, aşağı-yuxarı mənzərə belədir.

“Şəfa” artıq yeni mövsümün planlarını da hazırlayıb. Hazırda görünən mənzərə isə belədir: yerli futbolçuları bir komandaya toplamaq, “yalnız özümüzünkülərlə oynayacağıq” şüarı ilə böyük səs-küy yaratmaq və Premyer Liqaya doğru yol almaq. Tanış ssenaridir, elə deyil?

Ona görə tanış ssenaridir ki, bu yanaşma artıq yeni deyil. Belə ki, “Sumqayıt”, “Şamaxı” və başqa layihələr də vaxtı ilə eyni amalla başlayıb. Startda romantik görünən “yerlilərlə böyük işlər görəcəyik” düşüncəsi zamanla reallıqla toqquşub. Sonluqda isə nəticə yenə də dəyişmir. Komandaların yükünü legionerlər daşıyır, oyunların taleyini onlar həll edir. Görünür, “Şəfa” bunlardan dərs çıxarmır və o da özündən əvvəlkilər kimi, sonradan “sabun köpüyü”nə çevriləcək “strategiya”ya üz tutur. Və hətta “Şəfa”nın ətrafında yaranan vəziyyət əvvəlkilərdən fərqli olaraq daha maraqlıdır. Mətbuatda yazılanlara görə, yerli futbolçuların tələb etdiyi maaşlar reallıqdan uzaq bir bazar formalaşdırır. “Strategiya” haqda eşidən yerli futbolçular əl-ayağa düşüblər. Məsələn, iddialara görə, “Qarabağ”da karyerasının “üçüncü bahar”ını yaşayan Ramil Şeydayev “Şəfa”dan aylıq 20 min manat istəyir. Başqa bir yerli futbolçu isə 15 min manat “oxuyur”. Kəsəsi, “ehtiyatda qalmaq riski olan futbolçular”ın qiymətləri birdən-birə yüksək səviyyəyə qalxır, “Şəfa”nın onlara şəfa olacaqlarını düşünürlər.

Əsl problem odur ki, gerçəkdə strategiya yox, şüar var. “Yerli futbolçu” yanaşması özlüyündə pis deyil. Amma onu sistemsiz tətbiq edəcəksənsə, nəticə dəyişməyəcək. “Şəfa” rəhbərliyi anlamalıdır ki, futbol populizmlə deyil, strukturla inkişaf edir. Məsələn, Gürcüstan futbolu. Xviça Kvaratsxeliyanın (PSJ) timsalında gürcülər şüar yox, real inkişaf modeli ortaya qoydular: akademiya, oyunçunun fərdi inkişafı və beynəlxalq səviyyəyə çıxış. Nəticə də ortadadır.

“Şəfa” isə indi yeni bir sınaq qarşısındadır: ya əvvəlkilərdən dərs çıxarıb sistem quracaq, ya da Azərbaycan futbolunda çox gördüyümüz “böyük iddia – sıfır nəticə” siyahısına daha bir ad əlavə olunacaq.

Hə, bir də yayda “Şamaxı”nın baş məşqçi postundan ayrılacaq Ayxan Abbasovun da adı “Şəfa” ilə yanaşı çəkilir. Deyilənə görə, həm də millinin baş məşqçisi olan Abbasov məhz burada yerliləri başına toplayacaq. Amma hörmətli Ayxan bəy doğrudan da, “Şəfa”ya üz tutub, yerli futbolçuları başına yığacaqsa, bunu niyə “Şamaxı”da etmirdi? Komandası niyə azərbaycanlı futbolçuların yox, Balaunun, Karim Rossinin, Sezar Enrikenin ümidinə qalırdı? Suallar çoxdur, zamanla hamısının cavabını birlikdə görəcəyimizə ümid edək.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button