“Müdafiədən oynamaqdan həzz alan kollektivə qarşı mübarizə apardıq” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Çexiyanın “Viktoriya” (Plzen) komandasına qarşı keçirdikləri ilk oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, qolsuz bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Gərgin oyun oldu. Hər iki komandada həyacan var idi. Düşünürəm ki, bu, olmalı idi. Çünki hər iki tərəf bir-birini yaxından tanımırdı. Komandanı canlı hiss etmək tamam başqadır. Müdafiədən oynamağa həzz alan bir kollektivə qarşı mübarizə apardıq. Buna baxmayaraq, 3-4 qol epizodumuz oldu. Rəqib fiziki gücü yaxşı olan komandadır. Həm əks hücumlarda, həm də standart vəziyyətlərdə təhlükəli idi. Cavab matçında daha çox güc sərf etməliyik”.

50 yaşlı mütəxəssis futbolçularından razı qaldığını bildirib: “Bu, onlar üçün böyük təcrübə oldu. Cavab görüşünə hazırlaşmalıyıq. Azarkeşlərimiz möhtəşəm idi. Hər birinə təşəkkür edirəm. Futbol elə bir oyundur ki, daim oyunçularımdan və özümdən yaxşı bacardıqlarımızı inkişaf etdirməyi tələb edirəm. Hər oyunda eyni heyət çıxış edə bilər. Amma orada görünməyən detallar var. Hər rəqibə qarşı əlavə planlarımız, hücumlarımız olur. Bəzi təktiki gedişlər var. Amma biz nəyi yaxşı bacarırıqsa, ondan istifadə edəcəyik. Eyni zamanda, çatışmazlıqlarımızı aradan qaldıracağıq”.

Qurbanov səfərə inamlı yollanacaqlarını söyləyib: “Şansımız varsa, yararlanacağıq. Plzenə müdafiə olunmağa getməyəcəyik. Rəqib bu gün 90 dəqiqə birəbir oynamağa çalışdı. Amma öz epizodlarımızı gözlədik və 3-4 real qol şansı yaxaladıq. Artıq rəqibi daha yaxından tanıyırıq”.

Baş məşqçi hər rəqibin üstün cəhətinin olduğunu vurğulayıb: “Biz hansısa epizodlarda məğlub olurduqsa, onlar da başqa məqamlarda bizdən zəif idilər. Çexiya futbolu hər zaman öz intizamı ilə seçilib. Sevinirəm ki, bu gün bizə ciddi yanaşırlar, futbolçularımdan ehtiyatlanırlar. Bu, futbolda nadir görünən şeylərdən biridir. Oyunçularımla qürur duyuram. Bizə qarşı başqa oyun da qura bilərdilər. Amma ehtiyatlanırlar. Belə matçlarda futbolçularımın böyüməsini görürəm. Cavab görüşündə meydanda daha çox düşünməli olacağıq. Futbolda hər zaman boşluqlar, çatışmazlıqlar olur. Bunları aradan qaldırmağa çalışacağıq”.

Mütəxəssis “Viktoriya”nın meydanda daha ciddi müdafiə olunduğunu deyib: “Hətta ilk hissənin sonlarında çatdıra bilmədilər. Düşünürdüm ki, ikinci hissənin ortalarından sonra davam gətirə bilməyəcəklər. Amma sonadək dözdülər. Düşündüyümdən daha əzmkar komanda gördüm. Rəqibin imkan verdiyi oyundan artığını göstərə bilmirik. “Viktoriya”nın əsas məqsədi topsuz oyuna üstünlük vermək idi. Onları top yox, daha çox rəqib oyunçu maraqlandırır. Getdikcə daha güclü komandalara qarşı oynayırıq. Belə rəqiblə görüşdə 3-4 qol imkanımız oldusa, deməli, nələrisə düzgün etmişik. Bir futbolçu ilboyu eyni səviyyədə oynaya bilməz. Çempionlar Liqası sıradan turnir deyil. Hər bir baş məşqçi səhv etməkdən çəkinir. Rəqib bəzi epizodlarda daha diqqətli oynayırdı”.

O, matçdan öncə bilet satışı ilə bağlı yaranmış problemə də münasibət bildirib: “Bununla bağlı hər zaman problem yaşanıb. 32 min nəfərə nəzarət edə bilmərik. Hər halda bu gün stadion dolmuşdu. Bunu o qədər də qabartmaq lazım deyil. Həm kassalarda satılır, həm də onlayn qaydada. Hamının stadionda olmasını istərdim. Lakin arena cəmi 32 min tamaşaçı tutur. Nəsə qüsur olubsa, üzrlü saysınlar. Hər zaman fanatlarımızı sevindirməyə çalışmışıq. Texniki problemlər olubsa belə, bu, bizim səlahiyyətimizdə deyil”.

Qurbanov oğlu Musa Qurbanlıya avrokubok matçlarında şans verməməsinin səbəbini də açıqlayıb: “Mənim üçün ən ağır suallardan biridir. Tələsmək lazım deyil. Musa ilə eyni səviyyədə oyunçu varsa, digərinə şans verəcəm. Amma onun qarşısını da ala bilmərəm. Gəncdir, hazır olduğunu görəndə ondan mütləq istifadə edəcəyik. Meydana 15 nəfər buraxa bilmərik. Hər şeyin öz zamanı var”.

Bu komandalar arasındakı cavab qarşılaşması avqustun 23-də Plzendəki “Dusan Arena”da keçiriləcək.

Mehri Qurban

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button