“Real” Serxio Ramosun ayrılığını rəsmən açıqladı

İspaniyanın “Real” klubu kapitanı Serxio Ramosla yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

35 yaşlı müdafiəçi ilə başa çatan müqavilənin müddəti uzadılmayıb. İyunun 17-də təcrübəli futbolçu üçün vida mərasimi təşkil olunacaq. Mərasimdə Ramosla klub prezidenti Florentino Peres jurnalistlərin suallarını cavablandıracaq.

Qeyd edək ki, “Sevilya”nın yetirməsi olan Serxio, 2005-ci ildən “Real”ın uğurları üçün çalışırdı. Madrid təmsilçisində 16 mövsüm keçirən müdafiəçi, bu komandanın heyətində 671 matça çıxıb. O, bu görüşlərdə 101 qol vurub, 39 məhsuldar ötürmə ilə yadda qalıb.

Ramos “Real”la beş dəfə İspaniya çempionu olub. O, dörd dəfə ölkə UEFA Çempionlar Liqasının, klublararası dünya çempionatının və İspaniya super kubokunun qalibi adını qazanıb. Üç dəfə UEFA super kubokunda zəfər yaşamış futbolçu, İspaniya kubokunda da iki dəfə çempionluq sevinci yaşayıb.