
Rəşad Sadıqov: “Bizi “Torpedo” ilə olduqca önəmli oyun gözləyir”
“Zirə” sabah UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin ilk matçında “Torpedo”unu (Gürcüstan) qəbul edəcək.
Komanda.az xəbər verir ki, oyundan bir gün əvvəl “qartallar”ın baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib. Sadıqov sabah əlverişli nəticə qazanmaq istədiklərini bildirib:
“Bizi olduqca önəmli oyun gözləyir. Qısa müddətdə hazırlığımızı tamamlayıb, sabah əlverişli nəticə qazanmaq istəyirik. Səfər oyununa yaxşı nəticə ilə yollanmaq istəyirik. Başa düşürük ki, təcrübəli rəqiblə qarşılaşacağıq. Qarşımızda yaxşı komanda var. Hazırlığa vaxtımız çox az oldu. Buna baxmayaraq, çalışacağıq ki, yaxşı nəticə qazanaq. Dediyim kimi, təcrübəli rəqiblə qarşılaşacağıq.
Bu komandada dördüncü avrokubok yarışımız olacaq. Çempionatda sona iki tur qalmış avrokuboklarda iştirak edə bilməyəcəyimizi bilirdik. Ona görə də, uzunmüddətli planlar qurduq, futbolçularla yollar ayrıldı. Sonradan belə olanda (Konfrans Liqasına vəsiqə) isə rəhbərliklə görüşdük. Razılaşdıq ki, uzunmüddətli plan strategiyamızı davam etdirək. Çünki tələsik transferlər etmək istəmədik. Qısa hazırlıq keçmişik.
Futbolçular mövsümün sonunda avrokuboklara düşmədiyimizə görə üzgün idilər. Amma baş verənlər (“Turan Tovuz”un UEFA tərəfindən cəzalandırılmasından sonra “Zirə”nin Konfrans Liqasına getməsi) onların daha motivasiyalı olmalarına şərait yaradıb. Təbii olaraq, vaxtında hazırlıq keçsəydik, daha yaxşı olardı. Bəzi oyunçular toplanışa artıq çəki ilə gəlmişdi. Çalışırdıq ki, hazırlığı tək avrokuboklar üzərində qurmayaq. Futbolçular var idi, tez-tələsik transfer edə bilərdik. Amma bu, mövsümün sonuna qədər kifayət edə bilərdimi? Onu etmədik.
Dünya çempionatındakı qaydaların avrokuboklarda tətbiq olunması da yaxşı olardı. Su fasiləsinin olması məncə, pis olmazdı. Futbolçuların sağlamlığı baxımından bunun yaxşı qərar olduğunu düşünürəm. Yay aylarında bunun tətbiq olunması onsuz da var idi”.
“Zirə” – “Torpedo” oyunu sabah saat 20:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



