
ÇL: “Biz “Atletiko”dan qat-qat yaxşı idik”
“Barselona”nın yarımmüdafiəçisi Qavi komandasının “Atletiko” ilə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsindəki cavab oyunundan sonra fikirlərini bölüşüb.
Komanda.az “TNT Sports”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu rəqibdən üstün oyun sərgilədiklərini bildirsə də, nəticənin onları qane etmədiyini deyib:
“Nəticə bizi məyus edir. Biz “Atletiko”dan qat-qat yaxşı idik, amma futbolda əsas olan qollardır və onlar bizdən çox qol vurdu.
Bəlkə də, onların bu səviyyəli matçlarda daha çox təcrübəsi var. Bütün oyunboyu onlardan üstün idik. Amma futbolda belə hallar olur – rəqib bir şans tapır və bundan maksimum istifadə edir”.
O, ilk oyunun nəticəsinin həlledici olduğunu da vurğulayıb:
“İlk matç çox şeyi həll etdi. Qırmızı vərəqə də bizi çətin vəziyyətə saldı. Amma bəhanə axtarmırıq, biz komandayıq və məsuliyyət daşıyırıq. Azarkeşlərimiz bizimlə fəxr edə bilər. Biz Çempionlar Liqasını qazanmaq istəyirik və bunun üçün mübarizəni davam etdirəcəyik. Əminəm ki, gec-tez buna nail olacağıq”.
İki oyunun nəticəsində 2:3 hesabı ilə uduzan “Barselona” turnirdə mübarizəni dayandırıb. “Atletiko” yarımfinalda bu gün keçiriləcək “Arsenal” – “Sportinq” cütünün qalibi ilə qarşılaşacaq. “Topçular” ilk oyunda səfərdə 1:0 hesabı ilə qalib gəlib.
Bizi Facebook-da izləyin



