“Qapıda oturmaq fikrimiz yoxdur” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində İsveçrənin “Sürix” komandasına qarşı keçirəcəkləri cavab oyunundan öncə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, 50 yaşlı mütəxəsiss bu gün Sürixdə baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çox vacib və maraqlı oyuna hazırlaşırıq. Fərqli oyun göstərən komandaya qarşı oynayacağıq. Bu görüşə hazırlaşmaq üçün xeyli vaxtımız oldu. Amma bilirik ki, rəqib də bu matça ciddi hazırlaşıb. Çempionat oyunlarında bəzi əsas futbolçulara istirahət verilməsi də bunu deməyə əsas verir. Matçın gedişində hər hansı sürprizlə qarşılaşa bilərik. Meydanda hər şeyə hazır olmalı, yaxşı nəticə qazanmaq üçün həddindən artıq güc sərf etməliyik. Demək olar ki, buna hazırıq”.

Qurbanov ötənilki kollektivlə indiki komandanı müqayisə edib: “Açığı, elə bir fərq yoxdur. Sadəcə, rəqiblər fərqlidir. Biz hər komandaya qarşı düzgün və diqqətli oynamağa çalışırıq. Sadəcə, bu dəfə ilk iki mərhələlərdə daha ciddi rəqiblərlə düşdük. Digər tərəfdən, ötən mövsüm Avropa Konfrans Liqasında mübarizə aparırdıq. İki turnir arasında səviyyə tam başqadır. Ona görə də ÇL-də daha çox məsuliyyət tələb olunur. Burada səhvlər bağışlanmır”.

Təcrübəli baş məşqçi heyətlə bağlı çox dəyişiklik etməyi xoşlamadığını vurğulayıb: “Güvəndiyim oyunçular var. İstənilən an hər bir futbolçunu düşünmədən əsas heyətdə oynada bilərəm. Həm də bəzi matçlar fərqli olur. Bəzən rotasiyalar edirsən. Sabah da xırda dəyişikliklər mümkündür. Amma sabahı gözləyək”.

Qurbanovun sözlərinə görə, bu oyunların gedişatında əlavə vaxta və ya penaltilər seriyasına hazır olmaq lazımdır: “Bir qədər əvvəl rəqib futbolçunun müsahibəsini oxudum. Deyib ki, bu görüş finala bərabərdir. Həqiqətən hər şeyə hazır olmalyıq. Oyunun gedişatına uyğun qərarlar verməyə çalışmalıyıq. Çünki “Sürix” də ciddi rəqibdir. Amma çox istərdik ki, matçın taleyi ilk hissədə həll olunsun”.

50 yaşlı mütəxəssis ilk görüşdə olduğu kimi, cavab matçında da tərəflərin açıq oyuna üstünlük verə biləcəyini istisna etməyib: “Hər iki komandanın oyun üslubu bunu deməyə əsas verir. Biz buraya müdafiə olunmağa gəlməmişik. Rəqib də hücuma keçməlidir. Çox istərdik ki, azarkeşlər üçün da maraqlı qarşılaşma olsun. Rəqib çox məcbur etmədikcə, qapıda oturmaq fikrimiz yoxdur. Qapalı oyun olacağını düşünmürəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button