ÇL: “Bizi İtaliyada nəyin gözlədiyini bilirdim”

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen “Yuventus”la qarşılaşmadan sonra fikirlərini bölüşüb.

İstanbul təmsilçisi ilk oyunda doğma meydanda rəqibini 5:2 hesabı ilə məğlub etsə də, Turində çətin anlar yaşayıb. İtaliyada keçirilən cavab matçında “Yuventus” əsas vaxtda üç cavabsız qol vuraraq ümumi hesabı bərabərləşdirib və qarşılaşmanı əlavə vaxta daşıyıb. On nəfərlə qalan turinlilər uzatma dəqiqələrində tab gətirə bilməyib. İstanbul klubu iki dəfə fərqlənərək mərhələ adlayan tərəf olub. Qollardan birinin müəllifi Osimhen olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, nigeriyalı forvard məqsədlərinə çatdıqlarını bildirib:

“Bizi nəyin gözlədiyini bilirdim. Bu komandanı və həmin stadiondakı atmosferi yaxşı tanıyıram. Azarkeşlərin bizə “isti” qarşılanma hazırlayacağını anlayırdım. Amma bizim fanatlarımızın səsi də eşidilirdi və onları məyus etmək istəmirdik. Məqsədimizə çatdıq, ancaq açığı, üzərində işləməli olduğumuz çox məqam var”.

“Qalatasaray” 1/8 final mərhələsində ya “Liverpul”la, ya da “Tottenhem”lə qarşılaşacaq. Püşkatma sabah keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button