“Özünüz qərar verin: mini yupka, yoxsa meydanda şortik geyinənlər?” – Müsahibə

5 sual, 5 cavab

Komanda.az saytında yeni rubrikaya – “5 sual, 5 cavab”a start vermişik.

Rubrika çərçivəsində futbolçulara, məşqçilərə, futbol mütəxəssislərinə 5 sual ünvanlayacağıq. Növbəti qonağımız Azərbaycan millisinin keçmiş futbolçusu, hazırda “Sabah” klubunun 17 yaşadək futbolçulardan ibarət komandasını çalışdıran Saşa Yunisoğludur:

  • Saşa, həyata yenidən gəlsəydiz, bu günə kimi yaşadığınız həyatı yaşamaq istərdizmi?
  • Həyata yenidən gəlsəydim, bugünkü həyatı yaşasaydım belə, ağıllı olaraq yox, müdrik insan olaraq yaşamaq istərdim. Fikrimi bir az aydın formada belə izah edərdim: həyatda üç cür insan var – axmaq, ağıllı və müdrik. Həyat bir axardır, axmaqlar o axarın əksinə üzür və gec-tez yorulub, məhv olurlar. Ağıllılar isə axardan özlərinə sərf edən kimi istifadə edirlər. Hər ikisindən fərqli olaraq, müdriklər nə əksinə, nə də axar istiqamətinə üzür. Onlar axarın istiqamətini dəyişirlər.
  • Dünyanın taleyi sizin əlinizdə olsaydı, ilk nəyi dəyişərdiz?
  • Qərar verərkən son illərdə oxuduğum Nizaminin “Sirlər xəzinəsi” poemasına əsaslanardım. Yəni, əsərin əsasında şairin ədalət və əmək haqqında fikirləri, verilən sözün üstündə durmaq, rəhmli olmaq, qızıla nifrət, həqiqi dostluq kimi əxlaqi məsələlər var.
  • Aleks Ferqyusonun belə bir sözü var ki, “statistika mini yupka kimidir, hər şeyi göstərir, ancaq əsas olanı yox”. Öz karyeranıza baxdıqda, bu söz özünü doğruldurmu, yoxsa statistika sizin futbolçu karyeranızı tam əks etdirir?
  • Futbol üzrə İspaniya La Liqasında “Real” komandası səfərdə “Eybar”la üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahibləri tarixində ilk dəfə İspaniya La Liqasında rəqibinə qalib gələ bilib. İndi özünüz qərar verin: mini yupka, yoxsa meydanda şortik geyinənlər? Əslində, statistika hər şey demək deyil, Aleks Ferqyusonla razılaşardım. Çünki futbol həyat kimi gözlənilməzdir. Elə oyunlar olur ki, statistikaya baxanda, deyərsən ki, filan komanda bütün komponentlərdə üstün olub. Amma axırda hesab əksini göstərir. Karyeramda belə oyunlar olub. Misal üçün, Bakıda bizim türkiyəlilərə qarşı oyun bunu təsdiqləyir. Statistika göstərirdi ki, türkiyəlilər bizdən yaxşı idilər, amma düzgün seçilmiş taktika, istək və əzmkarlıq nəticəsində biz 1:0 qalib gəldik.
  • Heç olubmu ağlınızdan “başqa ölkədə dünyaya gəlsəydim…” fikri keçsin? Və sizcə, niyə yerli futbolçu və məşqçilər xaricdə uğur qazana bilmir?
  • Bu sual olmayıb desəm, səmimi olmaz. Bir çoxu kimi, bəli, mənim də ağlımdan keçib bu. Amma karyeramı xaricdə davam etdirdiyim müddətdə anlamışam ki, yaxşı ki, başqa ölkədə dünyaya gəlməmişəm. Bizim xalqın yardımsevərliyi, mehribançılığı, xüsusi olaraq, yeməklərimiz bunu deməyə əsas verir.
  • Sizcə, nə baş verməlidir ki, futbol üzrə Azərbaycan milli komandası DÇ və ya AÇ-nin final mərhələsinə vəsiqə qazansın?
  • Kazım Əliyevin “İdmançının qələbə psixologiyası” kitabını oxumaq nəticə əldə etməyə kömək edə bilər. Məşhur idmançılar təsdiq edirlər ki, qələbə mübarizədə yox, mübarizəyə psixoloji hazırlıqda müəyyənləşdirilir. İdman bu gün təkcə sağlamlıq və yüksək nəticələrdən ibarət deyil. İdman bu gün yüksək mədəniyyəti, incəsənəti və möhkəm sağlamlığı özündə birləşdirən böyük bir yaradıcılıqdır. Nə qədər ki, biz idmana bu prizmadan baxmırıq, idman yüksəkliklərinə daim həsrətlə baxanlardan olacağıq. Bu gün artıq dövlət səviyyəsində şərait yaradılıb ki, idmana tələb olunan səviyyədə hazırlaşaq. Mən əminəm ki, hörmətli prezidentimiz cənab İlham Əliyevin idmançılara böyük diqqət və qayğısının müqabilində onlar da adekvat olaraq dünya idman saraylarında öz sözlərini deyəcək və milli bayrağımızı yüksəklərə qaldıraraq, xalqımızın üzünü ağ, başını uca edəcəklər.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button