Monteneqro ilə oyuna hazırlıq başa çatdı

Avropa çempionatının təsnifat mərhələsində mübarizə aparan kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası bu gün Monteneqroda ilk məşqinə çıxıb.

Komanda.az xəbər verir ki, Podqoritsada “Verde” İdman Kompleksində baş tutan hazırlıq arenaya uyğunlaşmağa hesablanıb.

F qrupunda mübarizə aparan yığmamız ikinci dövrədə ilk matçını ev sahiblərinə qarşı keçirəcək.

Gürcüstanda baş tutan birinci dövrədən sonra aktivində 3 xalı olan komandamız 3-cü pillədə qərarlaşıb. Yunanıstan 8 xalla qrupumuza liderlik edir. İkinci dövrənin oyunlarına ev sahibliyi edən Monteneqro 7 xala sahibdir. Gürcüstan voleybolçularının hesabında isə nə set, nə də xal var.

Qeyd edək ki, Avropa çempionatının təsnifat mərhələsində 7 qrupda 26 komanda mübarizə aparır. Onlardan 12-si – 7 qrup birincisi və ən yaxşı ikinci yerin sahibi olacaq 5 ölkə AÇ-2021-ə vəsiqə qazanacaq.

AÇ-2021-in təsnifat mərhələsi
F qrupu
2-ci dövrə

4-cü tur, 14 may
Gürcüstan – Yunanıstan
Monteneqro – Azərbaycan

5-ci tur, 15 may
Yunanıstan – Azərbaycan
Gürcüstan – Monteneqro

6-cı tur, 16 may
Azərbaycan – Gürcüstan
Yunanıstan – Monteneqro