Qvardiola: “Çempionlar Liqasını qazanmalıyam”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola bu mövsüm Çempionlar Liqasını qazanmaq istəyir.

Komanda.az xəbər verir ki, bu barədə ispan mütəxəssis UEFA-nın mətbuat xidmətinə açıqlamasında deyib. O, bu mövsüm Çempionlar Liqasını qazanmalı olduğunu bildirib:

“Çempionlar Liqasını qazanmalıyam. İnsanlar bu haqda düz deyirlər, hər mövsüm eyni olur. Qazansaq, xoşbəxt olacağıq. Bundan sonra insanlar mənim işimi dərindən təhlil edə bilərlər. Əlimdən gələnin ən yaxşısını edirəm. Son beş ildə inanılmaz uğurlara imza atmışıq.

İlk oyunumuzu “Leyptsiq”ə qarşı keçirəcəyik. Əvvəlcə qrup mərhələsini lider bitirməliyik. Hər mövsümün əvvəlində favorit olub-olmadığımızı soruşurlar. Hazırda nəsə demək olmur. Turnirdə güclü komandalar çoxdur. Qrupumuz da çətindir”.

“Mançester Siti” Çempionlar Liqasının A qrupunda PSJ (Fransa), “Brügge” (Belçika) və “Leyptsiq”lə (Almaniya) mübarizə aparacaq. İngiltərə klubu ilk turda “Leyptsiq”lə üz-üzə gələcək. Mançesterdə keçiriləcək oyuna bu gün, saat 23:00-da start veriləcək.