
Argentina millisinin baş məşqçisi üzr istədi
Argentina millisinin baş məşqçisi Lionel Skaloni 2026-cı il dünya çempionatının finalındakı məğlubiyyətdən bir müddət sonra azarkeşlərə emosional müraciət ünvanlayıb.
Argentina yığması iyulun 19-da keçirilən final görüşündə əlavə vaxtda İspaniya millisinə 0:1 hesabı ilə uduzaraq, dünya çempionu titulunu qoruya bilməyib.
Komanda.az xəbər verir ki, argentinalı mütəxəssis sosial şəbəkə hesabında paylaşdığı müraciətdə azarkeşlərdən üzr istəyib:
“Gərgin bir həftədən sonra – kədərin sevinclə, göz yaşlarının təbəssümlə, mənəvi ağrının isə sakitliklə iç-içə olduğu günlərdən sonra bir neçə söz yazmaq qərarına gəldim. Bilirsiz ki, sosial şəbəkədən çox istifadə etməyi sevmirəm. Amma düşünürəm ki, fikirlərimi sizə çatdırmağın ən yaxşı yolu budur.
Mənə yalnız bir şey qalır – sizə daha bir kubok qazandıra bilmədiyim və həyatın çətinliklərini heç olmasa bir neçə gün unutduracaq sevinci yaşada bilmədiyim üçün üzr istəmək.
Ancaq istəyirəm ki, futbolçularımla birlikdə sizə göstərməyə çalışdığımız dəyərləri unutmayasız. Həmişə döyüşmək, əzmkarlıq göstərmək, ən çətin anda belə, təslim olmamaq, artıq gücün qalmayanda belə, sonadək mübarizə aparmaq, bizi tanımayanların sərt tənqidlərinə dözmək, ayaqda qalmağa taqətin çatmayanda belə, yoluna davam etmək… Əsl qələbə və əsl kubok məhz budur.
Məşqçilər heyətinə, futbolçularıma, Argentina Futbol Assosiasiyasının əməkdaşlarına, komandamızın rahatlığı üçün çalışan hər kəsə və bizə sevgisini əsirgəməyən bütün azarkeşlərə sonsuz minnətdaram. Argentinalı ilə dost olan insan əsl xəzinəyə sahibdir”.
Bizi Facebook-da izləyin



