Mən niyə təəccüblənmədim?

…və ya… Siz niyə təəccüblənirsiz?

Vüsal “Aydın” Qəmbərov

Əslində təəccübləndim. Amma təəccüb etdiyim şey 1:9 deyildi. “Neftçi”nin 0:5 uduzmalı olduğu oyundan 0:2 ilə canını qurtarması da deyildi. “Zirə”nin darmadağını da deyildi. Təəccübümə səbəb olan şey sizin təəccübünüzdür. Siz nə gözləyirdiz ki, bu klublardan?

İllərdir imkan düşdükcə yazıram və əsasən də Komanda.az üçün. Və hər zaman eyni şeyi deyirəm: futbol artıq bir oyun deyil, peşəkar işdir. Bu nə deməkdir?

Elə bilin ki, yaxşı bir dulusçu var və saxsıdan qablar düzəldir. Oturub öz emalatxanasında və bala-bala işləyir. Bu, kiçik həcmli incəsənət işidir. Usta, varsa da bir şagirdi, özləri üçün əylənə-əylənə işləyirlər. Zövq alırlar düzəltdiklərindən və satırlar, ömürlərini keçirdirlər. Bu “obyekt”in edə biləcəkləri limitlidir. Nə zamana qədər? Bu işi böyük miqyasa və arenaya çıxarmaq istəyənə qədər.

Bizim kababçı Şamxal dayı da yemək bişirir, Nusret də. Hətta Nusret artıq bəlkə, heç nə bişirmir də. Sadəcə, gəlib onun-bunun bişirdiyini Neymarın ağzına qoyur və milyonlar qazanır.

Konfrans Liqasının dünənki oyunlarından öncə sosial mediadakı paylaşımım.

Futbolda Şamxal dayı ola bilmirsən, bilməzsən. Əvvəla, futbol bir nəfərlə oynanılmır. Üstəlik, futbol sənayeləşib və bu sənayenin yeni standartları var. Azərbaycan futbolunda çox adamın dərk etmədiyi standartlar. O standartlara da MENECMENT deyirik. Bir zamanlar yaxşı bir jurnalist dostumuz, buna “Azərbaycan futbolunun marketinq dövrü” demişdi. Marketinq bəs etmir. Nə olsun ki, “Zirə” də, “Neftçi” də, lap “Şamaxı” da transafer edəndə qəşəng videolar hazırlaya bilir? Lap əla. Yaxşı SMM-çisi var. Bəs fiziki hazırlıq üzrə məşqçi nə qədər peşəkardır? Bəs dietoloqları? Və ən əsası, idman direktoru? Prezidenti və ya baş məşqçini deməyə belə, gərək yoxdur.

Bu, total işdir. Bu total işin yansıması da meydandadır. Əmin olun ki, o meydan baş məşqçidən asılı olduğu qədər içəridə qurulan sistemdən və menecmentdən də asılıdır.

Necə ki, “Neftçi”nin (oxu: “Qarabağ”dan başqa, bütün Azərbaycan klublarının) oyununa baxanda meydanda kimin nə iş gördüyü anlaşılmadığı, Həsənqulu Qəmbərqlunun yerində oynadığı kimi, ofisdə də doğru insanlar öz işiylə məşğul deyil. Bircə faiz yanılma payına əlyeri qoyuram. Mərcə girərəm.

Sonra gedib həyəcanı misli ilə yaşayarıq…

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button